RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.09.2021]

Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun Həmkarlar Təşkilatının təşəbbüsü ilə keçirilən anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 44 günlük Vətən müharibəsi və qüdrətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıq dastanından söz açıb, əsgər və zabitlərimizin şücaətindən qürur duyduğunu ifadə edib.

İ.Mustafayev həmçinin bildirib ki, şanlı qələbəmiz “Nəyi nə vaxt, necə edəcəyimizi bilirik” deyən Müzəffər Ali Baş Komandanın müdrik bir sərkərdə qətiyyətinin məntiqi təzahürü, həm də dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunun bəyanı idi. Bu gün birlik və bərabərlik nümunəsi olan Azərbaycanda hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı bir tarix yazan qəhrəman şəhid və qazilərimizlə fəxr edir.

Daha sonra çıxış edən İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini cəmi 44 gün ərzində darmadağın edərək böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-a qədər 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd işğaldan azad olundu. R.Mehdiyeva qeyd edib ki, Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın incisi sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı.

Çıxışında Xalq, Prezident və Ordu birliyinin Vətən müharibəsində həlledici rol oynadığını bir daha diqqətə çatdıran R.Mehdiyeva vurğulayıb ki son 200 illik tariximizdə Müzəffər Ali Baş Komandanyeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail oldu.

Tədbirdə daha sonra Vətən müharibəsi iştirakçısı olmuş İnstitutun əməkdaşları – Ramin Qəribov və Samir Mustafayev döyüş yolu və Azərbaycan ordusunun şanlı zəfəri haqqında təəsüratlarını bölüşüblər.

Sonda bu gün İnstitutun Həmkarlar Təşkilatı tərəfindən “YAŞAT” Fonduna 1000 manat ianə olunduğu və Vətən müharibəsi iştirakçısı olmuş İnstitut əməkdaşlarına maddi yardım edildiyi bildirilib, həmçinin Vətən müharibəsinə həsr olunmuş “Qarabağda tarix yazanlar” adlı videoçarx nümayiş olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.