RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.02.2022]

Radiasiya Problemləri İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı və İnstitut Həmkarlar Təşkilatının dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gənc alim və mütəxəssisləri bu əlamətdar bayram günü münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İ.Mustafayev bildirib ki, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasət Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılmasının, müstəqil Azərbaycan Gənclərinin Ümumrespublika forumlarının keçirilməsinin, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsinin, Prezident İlham Əliyevin Azərbaycan gəncliyi 2005-2009, 2011-2015, 2017-2021-ci illərdə Dövlət Proqramları, 2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası haqqında imzaladığı və s. Sərəncamlara diqqət çəkən İ.Mustafayev dövlət gənclər siyasəti ilə bağlı fərman və sərəncamların imzalanmasının, geniş fəaliyyət proqramlarının təsdiq edilməsinin ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğının təcəssümü olduğunu bildirib.

Azərbaycan elminin yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan İslam Mustafayev gənc alim və mütəxəssislərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, beynəlxalq elmi əməkdaşlıq əlaqələrindəki uğurlarını, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb.

Tədbirdə daha sonra İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, İnstitutun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Ülviyə Quliyeva çıxış edərək gəncləri təbrik ediblər. Ölkəmizin bütün sahələrinin daha da inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyasətinin banisinin məhz Ulu Öndər Heydər Əliyev olduğunu və Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin hər bir gəncin həyatında mühüm rol oynadığını diqqətə çatdıran natiqlər müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi və gələcəyin etibarlı təminatının məhz, yüksək intellektə malik gənc nəslin yetişdirilməsi və onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakı ilə birbaşa bağlı olduğunu qeyd ediblər.

Tədbirdə səmərəli elmi fəaliyyətlərinə görə İnstitutun gənc alimi Səttar Məmmədzadənin AMEA-nın Fəxri diplomu ilə təltif olunduğu qeyd olunub, həmçinin 2021-ci ildəki elmi və elmi-ictimai fəaliyyətinə görə Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşları – Aygül Vəlizadə, Ramil Məmmədov və Lamiyə Sadıqlıya Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatı tərəfindən Təşəkkürnamə və pul mükafatı ilə təqdim edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.