RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.04.2022]

İnstitutda Gənc Alim və Mütəxəssislər Şurasının hesabat-seçki iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) hesabat-seçki iclası keçirilib. İclasda çıxış edən İnstitut GAMŞ-nın sədri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyeva hesabat dövründə görülmüş işlər və gənc alimlərin əldə etdiyi nailiyyətlər haqqında hesabat verib.

Daha sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev İnstitutun gənc alim və mütəxəssislərini, eləcə də iclasda iştirak edən qonaqları salamlayıb, İnstitutun tarixi və fəaliyyət istiqamətləri, əldə olunmuş uğurları, beynəlxalq əməkdaşlıq əlaqələri, kadr potensialı haqqında geniş məlumat verib. Gənc alim və mütəxəssislərin elmi fəaliyyətləri prosessində qarşılaşdığı problemlərə də toxunan İ.Mustafayev gənclərə öz tövsiyyələrini verib və onlara uğurlar arzulayıb.

İclasda çıxış edən İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva İnstitutun maddi-texniki bazası və gələcək perspektivlərdən, eləcə də gənclərin aktiv fəaliyyətindən danışıb.

Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ayşən Fərəcova, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı və digər natiqlər bütövlükdə AMEA-nın gənc alimlərinin aktiv elmi və ictimai fəaliyyəti, həmçinin qarşıda duran vəzifələrindən danışıblar.

İclasda daha sonra Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və yeni tərkibi üzrə səsvermə keçirilib. Səsvermənin nəticəsinə əsasən İnstitutun kiçik elmi işçisi Məmmədov Əli Xanlar oğlu RPİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

Tədbirin sonunda çıxış edən Əli Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib və bu etimadı doğrultmaq üçün daima həvəslə çalışacağını bildirib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.