RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.04.2022]

İnstitutda “Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Elm Günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Sabahın alimləri” XI Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

RPİ-nin Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə sözügedən müsabiqədə qalib olmuş şagirdlər, alimlər və İnstitut rəhbərliyi iştirak edib.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev müsabiqə qalibi olan şagirdləri və onlara rəhbərlik edən RPİ-nin alimlərini, həmçinin digər tədbir iştirakçılarını salamlayıb, daha sonra İnstitutun tarixi və fəaliyyət istiqamətləri, əldə olunmuş uğurları, beynəlxalq əməkdaşlıq əlaqələri, kadr potensialı haqqında geniş məlumat verib.

Şagirdləri təbrik edən İ.Mustafayev onlara gələcək təhsil və elmi fəaliyyətlərində uğurlar arzu edib, eləcə də şagirdlərə öz tövsiyyələrini verib.

Sonra çıxış edən İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva İnstitutun maddi-texniki bazası və gələcək perspektivlərdən, eləcə də “Sabahın alimləri” və bu kimi yerli və beynəlxalq müsabiqələrin əhəmiyyətindən danışıb, eyni zamanda bu istiqamətdə alimlərimizin xidmətlərini yüksək qiymətləndirib.

Görüşdə Gənc İstedadlar Liseyinin 10-cu sinif şagirdləri – Salman Vahabov və Fərhad Kərimbəylinin “Yeni nəsil Günəş çeviriciləri” (“Sabahın alimləri” XI Respublika müsabiqəsi – II yer), həmin liseyin 9-cu sinif şagirdi Camal Axundov və 247 saylı orta məktəbin 9-cu sinif şagirdi Həvva Qəmbərovanın (“Sabahın alimləri” XI Respublika müsabiqəsi – II yer), Bakı Avropa Liseyinin şagirdləri – Əli Məmmədzadə və Nuray Kərimlinin “Smart Dəm Qazı detektor sistemi” (“Azerbaijan British College”nin dəstəyi ilə keçirilən “7th Science Fair” – II yer, Youth İnternational/National Science Fair (YNSF/YİSF) – III yer), Ülvi Bayramov və Nərmin Bayramovanın “İnsan iştirakı olmadan qeyd olunan ərazidə minaları aşkarlayan və informasiyanı məsafəyə göndərən Metal detektoru” (“Azerbaijan British College”nin dəstəyi ilə keçirilən “7th Science Fair” – II yer, Youth İnternational/National Science Fair (YNSF/YİSF) – III yer) adlı layihələrin şagirdlər tərəfindən təqdimatı keçirilib.

Şagirdlər daha sonra İnstitutun laboratoriyalarındakı elmi-tədqiqat prosesləri, eləcə də cihaz və avadanlıqlarla tanış olublar.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.