RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.05.2022]

İnstitutda "Radioizotop Tarixləndirmə Metodlarının tətbiqi" mövzusunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə "Radioizotop Tarixləndirmə Metodlarının tətbiqi" mövzusunda elmi seminar keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev bu kimi tədbirlərin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra İnstitutun kiçik elmi işçisi Aybəniz Əhədova sözügedən mövzuda məruzə ilə çıxış edib. A.Əhədova öz məruzəsində əvvəlcə Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Sahib Məmmədovun rəhbərliyi ilə yaradılmış xüsusi "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun fəaliyyətindən danışıb. Seminar zamanı nümayiş olunan təqdimatda tarixləndirmə metodları (Radiokarbon, Elektron Paramaqnit Rezonans metodu və Termolüminessens metodu) və tədqiqatlarda əldə edilmiş nəticələr haqqında ümumi məlumat verilib.

Məruzə zamanı hazırkı vəziyyətdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mənfur erməni millətçilərinin saxtalaşdırdığı və dağıtdığı abidələr üzərində alimlərimiz tərəfindən sözügedən metodlarla elmi-tədqiqat işləri aparılmasının vacibliyi vurğulanıb.

Tədbirdə daha sonra İnstitutun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək mövzu ətrafında fikirlərini səsləndirib və gələcəkdə keçiriləcək elmi seminarların təşkili barəsində öz məsləhətlərini verərək iştirakçılara uğurlar arzulayıb.

Məruzə maraqla qarşılanıb və sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, 70-dən çox iştirakçının qatıldığı elmi seminarda AMEA ilə yanaşı bir sıra təhsil ocaqlarının bakalavr və magistr tələbələri də iştirak edib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.