RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[09.06.2022]

İnstitut alimlərinin rəhbərliyi ilə hazırlanmış və “Teknofest Azərbaycan”da qalib olan komandaların üzvləri ilə görüş keçirilib

Ölkəmizdə ilk dəfə təşkil olunan “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Radiasiya Problemləri İnstitutu əməkdaşlarının elmi rəhbəri olduğu 2 layihə müsabiqənin qalibi olmuşdur. Bu münasibətlə İnstitutda qalib komandaların üzvləri ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Teknofest” Aerokosmik və Texnologiya Festivalı haqqında geniş məlumat verib, həmçinin V dəfə təşkil olunan festivalın Azərbaycanda, ölkəmizin müstəqillik günündə keçirilməsinin Azərbaycan-Türkiyə qardaşlığının simvolu olduğunu bildirib.

Müzakirələrdə iştirak edən institutun icraçı direktoru, fizika-riyaziyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva orta məktəb və liseylərlə olan əməkdaşlığın elmlə təhsilin qarşılıqlı əlaqəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini, institut əməkdaşlarının Bakı Dövlət Universitetinin “Gənc İstedadlar” Liseyi, Bakı Avropa Liseyi, Müasir Təhsil Kompleksi, 30 saylı tam orta məktəb və s. bu kimi təhsil müəssisələrilə uzun illər boyu davam edən əməkdaşlıqdan, şagirdlərin keçirilən bütün müsabiqələrdə daim mühüm nailiyyətlər qazandığını bildirib.

R.Mehdiyeva qeyd edib ki, məktəblilər Radiasiya Problemləri İnstitutunda hazırladıqları elmi layihələrlə növbəti uğura imza atıblar. Elmi yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilən bu cür elmi tədqiqat işləri yetişməkdə olan gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük rol oynayır. Qarşılıqlı əməkdaşlıqda məqsəd şagirdlərin orta məktəbdə təhsil aldıqları müddətdə əldə etdikləri biliklərin təcrübi olaraq dərinləşdirilməsi, eyni zamanda, istedadlı gənclərdə elmə maraq oyadaraq gələcəkdə onları magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb etməkdir.

Fənlərarası xarakter daşıyan bu layihələr, həmçinin elm və təhsil işçilərinin səylərini birləşdirməyə, elm və təhsil ənənələrini qorumağa, riyazi modelləşdirmə və informasiya texnologiyaları sahəsindəki elmi-pedaqoji kadrların ixtisaslarını artırmağa, gənclərin elm və təhsilə cəlb edilməsinə yönəldilib.

Daha sonra qalib komandalar tərəfindən sözügedən layihələr təqdim edilib, layihələrin ideyası, qurğuların təkmilləşdirilməsi üzrə institut alimləri ilə geniş müzakirələr aparılıb.

Tədbirdə ilk olaraq Radiasiya Problemləri İnstitutunun İnnovativ tədqiqatlar qrupunun əməkdaşı Namiq Heydərovun rəhbərliyi ilə Bakı Avropa liseyinin 9-cu sinif şagirdlərindən ibarət “Pitch Division” komandasının hazırladığı və Teknofest Robototexnika A kateqoriyası nominasiyasında 3-cü yerin qalibi olmuş “Vibro-Tactile Player” qurğusu haqqında məlumat verilib. Bildirilib ki, layihənin məqsədi eşitmə qüsuru olan insanlara musiqini vibrasiyalarla göndərib, onların da bu musiqidən həzz almalarını təmin etməkdir. Qeyd olunub ki, cihaz iki hissədən ibarətdir. Birinci hissə insanın kürək-bel nahiyəsində, ikinci hissə isə 4 vibrasiya motorları ilə təmin edilmiş boyunbağı şəklində boyun nahiyəsində yerləşdirilir. İlkin olaraq verilmiş musiqi parçalarına uyğun insanın səs diapazonuna eyniləşən aşağıtezlikli vibrasiyalar seçilir, tonların yaxşı eşidilməsi üçün 4 vibrasiya motoruna paylanır, sonra isə 3d formatda korpus hazırlanır.

Daha sonra Radiasiya Problemləri İnstitutunun “Yenilənən enerji növlərinin çevrilməsi” laboratoriyasının rəhbəri, fizika elmləri doktoru Mətanət Mehrabovanın rəhbərliyi Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdlərinin “GFutere” komandasının hazırladığı və Teknofest Yaşıl texnologiyalar A kateqoriyası nominasiyasında 3-cü yerin qalibi olan “Gələcəyin Külək turbini” qurğusu haqqında təqdimat edilib.

Bildirilib ki, bu layihənin əsas məqsədi alternativ enerji mənbələrindən istifadə etməklə ətraf mühütin qorunması, yaşıl energetikanın inkişafıdır. Əvəzedilməz enerji mənbəyi olan Külək enerjisindən istifadə etmək məqsədi ilə şaquli oxlu külək mühərriki üçün unikal pər konfiqurasiyası seçilib. Düzbucaqlı şəklində quraşdırılmış lövhələr küləyin sürətli giriş-çıxışını təmin edir. Su üzərində üzən şar şəkilli dayağa bərkidilmiş külək mühərrikinin dayanıqlığı təmin edilir, həmçinin sudan istifadə lazımsız sürtünməni əhəmiyyətli dərəcədə azaldır, eləcə də səmərəliliyi 20 % artırmağa imkan verir. Belə bir sistemin şəhər mühitində binaların damlarında quraşdırılması bina üçün lazım olan enerjinin daşınmasına sərf olunan xərcləri aradan qaldırır.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.