RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.06.2022]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun "Bərpa olunan enerji növlərinin çevrilmələri" laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Mətanət Mehrabovaya “Sabahın alimləri” XI respublika müsabiqəsində nailiyyət qazanmış şagirdlərin elmi layihələrinə rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı tərəfindən verilmiş sertifikat, həmçinin rəhbərlik etdiyi şagirdlərdən ibarət “gFuture” komandasının “Teknofest” Aerokosmik və Texnologiya Festivalının “Yaşıl texnologiyalar” müsabiqəsinin final mərhələsində iştirakına və III yerin qalibi seçildiyinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və TEKNOFEST tərəfindən verilmiş sertifikat, eləcə də “Virtual Azərbaycan” və “Vision TV” tərəfindən verilmiş təşəkkürnamə təqdim edilib.

Sonra İnstitutun Təhsil şöbəsinin rəhbəri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılovaya “Dünya Ətraf Mühit gününə həsr olunmuş intellektual oyunda aktiv iştirakına görə” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş sertifikat və İnstitutun gənc alimi, fizika üzrə fəlsəfə doktoru Günel İmanovaya dosent diplomu təqdim olunub.

İclasda daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”ndən irəli gələn məsələlərin müzakirəsinə dair Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və İnnovasiyalar” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması” üzrə alt qrupunun keçirilmiş dördüncü iclası və onun protokolu haqqında fikir mübadiləsi aparılıb.

Həmçinin, iclasda İnstitutun “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlının “Radiasiya materialşünaslığı” ixtisasından professor, “Radiokimya və radioprotektorlar” laboratoriyasının əməkdaşı, biologiya elmləri doktoru Sevil Məmmədlinin dosent elmi adı alması üçün səsvermənin keçirilməsi məsələlərinə baxılıb.

Sonra çıxış edən Norveçin Oslo Universitetinin dəvəti ilə 2020-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayına kimi orada qonaq tədqiqatçı kimi tədqiqatlar aparan RPİ-nin “İzotop mənşəli şüa mənbələri” elmi-təcrübi kompleksinin mühəndis tədqiqatçısı Səbinə Məhərrəmova apardığı tədqiqat işləri, mənimsədiyi proqramlar haqda Elmi Şura üzvlərinə məlumat verib, tədqiqatlarda aldığı nəticələr geniş müzakirə edilib. Müzakirələr əsasında Səbinə Məhərrəmovanın Rusiyanın Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilməsi və AMEA-nın Fizika – Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsadət qaldırılması haqqında qərar qəbul edilib.

İclasda daha sonra çıxış edən İnstitutun “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının elmi işçisi Asif Nəbiyev Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun “Frank adına Neytron fizikası laboratoriyası”nın, “Kondensə olunmuş mühitlərin neytronoqrafiya vasitəsilə tədqiqi” sektorunun “YuMO” qrupunda apardığı elmi tədqiqat işləri haqqında geniş məlumat verib.

Asif Nəbiyev öz çıxışında yüksək sıxlıqlı polietilenlə (YSPE) nanoölçülü Fe3O4 metal oksidi əsasında, doldurucunun müxtəlif həcm nisbətində alınmış YSPE/Fe3O4 nanokompozitlərində polimer-doldurucu sərhəddində baş verən fazalararası effektlər və bu effektlərin nanokompozitlərin xassələrinə təsiri ilə bağlı apardığı tədqiqatların nəticələrini Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.

Qeyd olunub ki, YSPE/Fe3O4 nanokompozit təbəqələrinin struktur və xassələri rentgen şüalarının kiçik bucaqlı səpilməsi (SAXS), rentgen şüalarının böyük bucaqlı səpilməsi (WAXS), infraqırmızı spektroskopiya (FTİR), diferensial skanedici kalorimetriya (DSC) və termogravimetrik analiz (TGA) metodları istifadə edilərək tədqiq edilib.

Bu tədqiqatlar həm praktiki nöqteyi nəzərdən, həm də fundamental-elmi aspektdən olduqca aktual və perspektivlidir. Həmçinin, polimer əsaslı smart-hibrid nanokompozitlər gələcək nəsil elektron cihaz və sistemlər üçün, həmçinin, hərbi-müdafiə sənayesi, aerokosmik, avtomobil, bio-tibb sahəsi, sensor texnologiyası eləcə də yeni növ yüksək gərginlikli izolyasiya texnologiyasında yüksək dayanıqlı və nisbətən ucuz başa gələn materiallar qismində geniş perspektiv imkanlara malikdir.

Asif Nəbiyevin məruzəsi ətrafında müzakirələr aparıldı və bu tədqiqatların davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Sonda Radiasiya Problemləri İnstitutunda Yanğın Təhlükəsizliyi üzrə əlavə tədbirlər və digər cari məsələlər müzakirə edilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.