RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.07.2022]

AMEA əməkdaşları Türkiyə texnoparkları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə bir sıra görüşlər keçirib

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) və Radiasiya Problemləri İnstitutunun əməkdaşları Türkiyə texnoparklarının təcrübəsinin öyrənilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, o cümlədən birgə proqram və layihələrin icrası imkanlarının müzakirə edilməsi məqsədilə bu ölkədə səfərdə olublar. Bu səfərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunu aparıcı mühəndis Namiq Heydərov təmsil etmişdir. Nümayəndələr Ankara Bilkent Universitetinin “Cyberpark”ında, Orta Şərq Texniki Universitetinin Texnoparkında (ODTÜ Teknokentin), Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ), Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisində və Nevşehir Hacı Bektaş Veli Universitetində keçirilən görüşlərdə iştirak etmişlər.

Görüşlərdə AMEA-da elm yeniliklərin tətbiqi inkişafına dəstək verən proqramların təşkili, texnopark quruculuğu istiqamətində fəaliyyətlər, Bakıda TUSAŞ-ın mühəndislik ofisinin yaradılması, eləcə də azərbaycanlı tədqiqatçı və mühəndislərin Ankarada ixtisasartırma proqramlarına cəlb edilməsi, “Digital Europe”, “Horizon Europe” layihələri üzrə birgə əməkdaşlıq, kompüter mühəndisliyi sahəsində azərbaycanlı tələbələrin təhsilinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

20-21 iyul tarixlərində Hacı Bektaş Veli Universitetinin nəzdində fəaliyyət göstərən Kapadokiya Texnoparkında AMEA nümayəndələri üçün iki günlük təlim keçirilmiş, texnoparkların fəaliyyət mexanizmi, texnoloji transfer və kommersiyalaşdırılma prosesləri, əqli mülkiyyət, akademiya-sənaye əməkdaşlığına dair geniş təqdimatlar edilmişdir.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.