RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.09.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə İnstitut üzrə illik hesabatlara hazırlıq və əmək intizamı haqqında və işğaldan azad edilmiş ərazilərimizdə, Kəlbəcər zonasında aparılmış monitorinq haqqında məsələlərə baxılıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azə“baycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın 2.2 və 2.3-cü bəndlərinə uyğun olaraq 2023-cü il üçün Nazirlər Kabinetinin iş planına dair təkliflərin hazırlanması, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar AMEA-nın vəzifələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası haqqındakı məsələlər müzakirə edilib.

Elmi Şuranın iclasında daha sonra İnstitutun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, böyük elmi işçi vəzifəsinə elan olunmuş müsabiqə iştirakçıları, İnstitutda 2022-ci il üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, eləcə də cari ildə keçiriləcək “Radiasiya texnologiyaları və radiasiya təhlükəsizliyi” adlı Konfrans haqqındakı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb

İclasın sonunda İnstitutun “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Rəxşanə Məmişovanın hazırladığı “Darzolaqlı yarımkeçiricilərdə radiasiya effektləri” adlı monoqrafiyanın nəşrinə icazə verilməsi, cari ildə keçirilmiş İnstitut əməkdaşlarının attestasiyasının son nəticələri və digər cari məsələlərə baxılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.