RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.10.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə AMEA-nın və respublikanın digər elm və ali təhsil müəssisələrində 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar, həmçinin RPİ və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əlaqələrin yenilənməsi və möhkəmləndirilməsi haqqındakı məsələlərə baxılıb.

Sonra bu ilin 28-29 oktyabr tarixlərində keçiriləcək “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı Elmi-Texniki Konfransa hazırlıq vəziyyəti, İnstitut üzrə müdafiəyə təqdim edilmiş dissertasiya işlərinin keyfiyyəti, İnstitutun “Journal of Radiation Researches” məcmuəsinin yeni hazırlanmış veb-səhifəsi, cari ildə qəbul olunmuş I kurs magistrlərin fərdi iş planlarının təsdiqi haqqındakı məsələlər müzakirə edilib.

Daha sonra uzun illər ərzində ölkəmizdə fizika elminin inkişafında, eləcə də ali təhsilli peşəkar kadrların hazırlanması istiqamətində səmərəli fəaliyyətinə görə “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, dosent Şərif İsmayılov İnstitutun Fəxri Fərmanı ilə təltif olunub, görkəmli alimə can sağlığı və fəaliyyətində uğurlar arzu edilib.

İclasın sonunda İnstitutun “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyevanın hazırladığı “Kombinə edilmiş radiasiya texnologiyaları əsasında maye tullantıların təmizlənməsi prosesləri” adlı monoqrafiyanın nəşrinə icazə verilməsi, kadr və digər cari məsələlərə baxılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.