RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.10.2022]

“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı Respublika Elmi-Texniki Konfransı öz işinə başlayıb

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı Respublika Elmi-Texniki Konfransı öz işinə başlayıb.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, akademik Rasim Əliquliyev AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin və Rəyasət Heyəti üzvlərinin konfrans iştirakçılarına təbrikini çatdırıb.

Çıxışında “Şuşa ili”nə həsr olunmuş konfransın əhəmiyyətinini xüsusilə vurğulayan R.Əliquliyev işğaldan azad olunmuş ərazilərdə radiasiya təhlükəsizliyi istiqamətində aparılmış tədqiqatlardan danışıb, bu sahədə İnstitut alimlərinin fəaliyyətini yüksək qiymətləndirib.

“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin elmə və alimlərə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün alimlərimiz yüksək nəticələr göstərir, ətraf mühitin qorunması və radiasiya təhlükəsizliyi sahələrində innovativ layihələrlə çıxış edirlər. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad olunmuş Qarabağda gələcək inkişafın elmi əsaslarının hazırlanmasında aktiv iştirak edirlər” – deyə R.Əliquliyev qeyd edib.

Radiasiya Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq əlaqələrinə də toxunan natiq bu istiqamətdə alimlərin fəaliyyətini yüksək qiymətləndirib və sonda konfransın işinə uğurlar arzu edib.

Sonra çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev konfrans iştirakçılarını salamlayıb və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə daxil olan “təmiz ətraf mühit və yaşıl artım” sahələrində İnstitutun fəaliyyətindən danışıb.

Çıxışında Qarabağ regionunda aparılmış çöl tədqiqatlarına toxunan İ.Mustafayev bildirib ki, İnstitut alimlərinin hazırladıqları müvafiq innovativ cihaz və avadanlıqlar ərazidə tətbiq edilib və bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib.

İnstitutun yerli və beynəlxalq əlaqələrindən, beynəlxalq layihələrdə iştirak və kadr potensialından da bəhs edən İslam Mustafayev elmi tədqiqatlarda gənc alim və mütəxəssislərin aktiv rol oynadığını vurğulayıb, sonda konfransın işinə uğurlar arzulayıb.

Daha sonra AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Adil Qəribov, İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin sədri Vüqar Hüseynov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Ərəstun Həsənov və RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək işğaldan azad edilmiş ərazilərdə kompleks elmi tədqiqatlar üçün yaradılmış şəraitdən, müxtəlif dövlət qurumlarının bu sahədə qarşılıqlı əlaqələrindən, tədqiqatlar və əldə edilmiş nəticələrin müstəsna əhəmiyyətindən danışıblar və konfransın proqramına mühüm məruzələrin daxil edildiyini bildiriblər.

Sözügedən konfrans daha sonra plenar iclaslarla öz işinə davam edib.

Qeyd edək ki, Konfransın ikinci günü Şuşa şəhərində keçiriləcək və proqrama müvafiq son məruzələr dinləniləcək.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.