RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.11.2022]

“8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) İnstitutun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Vətən Müharibəsinin tarixindən, Xalq – Prezident həmrəyliyindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun zəfərlərindən danışıb, bir sıra statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Qarabağda aparılan elmi tədqiqatlara da toxunan İ.Mustafayev radioloji və kimyəvi monitorinq işləri və mühüm nəticələr haqqında məlumat verib, gələcəkdə də bu kimi tədqiqatların və tətbiqi xarakterli işlərin davam etdiriləcəyini bildirib.

Daha sonra çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “8 Noyabr – Zəfər Günü”nün 28 illik həsrətlə gözlədiyimiz Qarabağa qovuşduğumuz gün olduğunu və bu günün iftixar və qürur günü olduğunu qeyd edib. R.Mehdiyeva bildirib ki, bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.

Sonra çıxış edən Vətən Müharibəsi iştirakçısı, “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağdamın işğaldan azad olunmasını Ali Baş Komandana məruzə etmiş mayor Riyad Paşayev “8 Noyabr – Zəfər Günü”nün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və Silahlı Qüvvələrimizin şanlı bir salnaməsi olduğunu qeyd edib. Vətən Müharibəsində ən müasir hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazdığını diqqətə çatdıran R.Paşayev bildirib ki, 44 gün ərzində böyük Qələbəyə nail olan ordumuz 30 ilə yaxın erməni faşistlərinin tapdağı altında qalan torpaqlarımızı azad etdi. Xalqımız da “dəmir yumruq” kimi birləşərək Prezidentimizə, ordumuza daim dəstək oldu və Azərbaycanın gücü, qüdrəti bütün dünyaya bəyan olundu.

Tədbirdə çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev Vətən Müharibəsində ön və arxa cəbhədə iştirak edən gənclərin rolundan danışıb, Azərbaycan gəncliyinin sarsılmaz Vətən sevgisi və qəhrəmanlıqlarını yüksək qiymətləndirib.

Sonra çıxış edən İnstitutun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova RPİ-nin əməkdaşı olan I və II Qarabağ Müharibəsi iştirakçıları haqqında məlumat verib.

Tədbirdə söz alan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədriƏli Məmmədov Zəfər Günü haqqında fikirlərini bölüşüb, rəşadətli Azərbaycan ordusunun qürur mənbəyimiz, iftixar yerimiz olduğunu bildirib.

Sonda RPİ-nin əməkdaşı olan I və II Qarabağ Müharibəsi iştirakçıları Vətən uğrunda gedən döyüşlər haqqında təəsüratlarını bölüşüblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.