RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.12.2022]

İnstitutun gənc alimi Azərbaycan Kooperasiya Universitetində təqdimatla çıxış edib

Radiasiya Problemləri İnstitutunun gənc alimi Aybəniz Əhədova Azərbaycan Kooperasiya Universitetində təqdimatla çıxış edib. Universitetin "Muzey, Arxiv işi və Abidələrin qorunması" ixtisasının tələbələrinin iştirakı ilə ustad dərsi formatında keçirilən seminarda təqdimatla çıxış edən A.Əhədova əvvəlcə RPİ-nin aparıcı elmi işçi Sahib Məmmədovun rəhbərliyi ilə İnstitutda "Arxeoloji tapıntıların radioizotop tarixləndirilməsi" qrupunun fəaliyyəti haqqında məlumat verib və bildirib ki, hazırda laboratoriyada aparılan tədqiqatlarda 3 metodika (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) tətbiq olunur. Gənc alim arxeoloji tapıntıların radioizotop tarixləndirilməsi metodlarının ölkəmizdə tətbiqinin, xüsusilə də ermənilər tərəfindən Qarabağ bölgəsində olan dağıdılmış və saxtalaşdırılmış maddi-mədəniyyət nümunələrimizin bu metodlarla yenidən araşdırılıb tətbiq olunmasının vacibliyindən danışıb, həmçinin yerli ixtisaslı kadrlarımızın bu sahədəki fəaliyyətindən bəhs edib.

A.Əhədova təqdimat zamanı əyani vəsaitlər (heyvan və insan dişləri, keramika, sümük və tekstil qalıqları, saxsı nümunələri, təbii kvars və feldspar nümunələri və s.) üzərində radioizotop tarixləndirilmə metodlarının bəzi prosedurlarını tədbir iştirakçılarına nümayiş etdirib.

Maraqla qarşılanan təqdimatın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, seminarda Azərbaycan Kooperasiya Universitetinin Marketinq və Menecment fakültəsinin dekanı Eldəniz Məhərrəmov, Azərbaycan Milli Tarix Muzeyinin elmi katibi tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova və sözügedən universitetin müəllim heyəti də iştirak edib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.