RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.12.2022]

İnstitutda yeni kafedralar fəaliyyət göstərəcək

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir sıra kafedralarının rəhbər heyəti ilə görüş keçirilib.

Görüş AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli müvafiq Qərarının elm və təhsil sisteminin effektiv, çoxşaxəli inteqrasiyası Strategiyasına uyğun olaraq ADNSU PHŞ ilə Radiasiya Problemləri İnstitutu arasında 2018-ci ildə bağlanmış Müqaviləni, həmçinin RPİ-nin Elmi Şurasının 2 dekabr 2022-ci il tarixli iclasının müvafiq qərarını əsas tutaraq Universitetin “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedralarının RPİ-nin nəzdində birgə “filial”ı yaradılmasına həsr olunub.

Tədbirdə “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının müdüri, texnika elmləri doktoru, professor Sakit Rəsulov və kafedranın əməkdaşları, eləcə də “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdüri, dosent Nərminə Əliyeva və kafedranın əməkdaşları, həmçinin RPİ-nın uyğun laboratoriyalarının rəhbərləri iştirak edib.

Görüşdə giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları salamlayaraq İnstitut və onun laboratoriyaları, kadr potensialı, tədqiqat istiqamətləri haqqında geniş məlumat verib, elmin inkişaf strategiyasına uyğun olaraq bu günkü tədbirin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Müxtəlif universitetlər ilə aparılan qarşılıqlı əməkdaşlıqdan, ADNSU tələbələrinin son illər institututda keçdikləri istehsalat təcrübəsi və bakalavr buraxılış işləri, eləcə də magistr dissertasiyalarının institutda yerinə yetirilməsi və PhD dissertasiyalarına rəhbərlik prossesləri haqqında məlumat verib.

ADNSU-nun “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” kafedrasının müdüri texnika elmləri doktoru, professor Sakit Rəsulov bu filialın yaradılmasının elm və təhsil işçilərinin səylərini birləşdirməyə, elm və təhsil ənənələrini qorumağa, radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, ekoloji monitorinq, riyazi modelləşdirmə və informasiya texnologiyaları sahəsindəki elmi-pedaqoji kadrların ixtisaslarını artırmağa, eləcə də gənclərin elmi tədqiqata cəlb edilməsinə yönəldiyini söyləyib.

Daha sonra RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva çıxış edərək elmi yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilən elmi tədqiqat işlərinin yetişməkdə olan gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük rol oynadığını bildirib. Qeyd edib ki, tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kadr hazırlığı və birgə elmi tədqiqatların aparılması məqsədi ilə kafedraların filialının yaradılması mühüm əhəmiyyət kəsb edir.

R.Mehdiyeva həmçinin, qarşılıqlı əməkdaşlıqda məqsəd tələbələrin universitetdə təhsil aldıqları müddətdə əldə etdikləri biliklərin təcrübi olaraq dərinləşdirilməsi, eyni zamanda, istedadlı gənclərdə elmə maraq oyadaraq gələcəkdə onları magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb etmək olduğunu söyləyib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.