RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.12.2022]

Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının 2022-ci il üzrə illik hesabatları müzakirə olunub

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatlara həsr olunmuş Ümumi Yığıncağının növbəti iclası keçirilib.

AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Bölmə üzrə AMEA-nın üzvləri, Bölmənin tərkibinə daxil olan elmi müəssisələrin baş və icraçı direktorları, elmi katiblər və digər aidiyyəti şəxslər iştirak ediblər.

Akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb, iclasda AR Elm və Təhsil Nazirliyinin Fizika, Radiasiya Problemləri və Biofizika institutlarının, eləcə də FRTEB üzrə bəzi AMEA üzvlərinin illik hesabatlarının müzakirə olunacağını söyləyib.

Əvvəlcə iclasda texnika elmləri doktoru, professor Nəriman Rəhmanov 85 illik, fizika üzrə fəlsəfə doktoru, dosent Kamil Qurbanov 80 illik, fizika-riyaziyyat elmləri doktoru, professor Lətif Talıblı 70 illik, fizika üzrə fəlsəfə doktoru, dosent Zaur Süleymanov 85 illik, kimya üzrə fəlsəfə doktoru, dosent Hökmən Mahmudov və texnika elmləri doktoru, professor Elçin Əliyev isə 60 illik yubileyi münasibətilə FRTEB-in Fəxri fərmanları ilə təltif olunublar.

Sonra Fizika İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov bu elmi müəssisənin 2022-ci il üzrə illik hesabatını təqdim edib. O, Fizika İnstitutunda 2022-ci ildə 3 istiqamət üzrə fundamental və tətbiq xarakterli elmi-tədqiqat işlərinin yerinə yetirildiyini, 7 qrant layihəsində iştirak edildiyini qeyd edib. Diqqətə çatdırıb ki, hesabat ilində institutda 355 məqalə, 150 tezis, 3 monoqrafiya, 1 kitab çap olunmuşdur. Məqalələrdən 145-i “Web of Science” və “Scopus” bazalarına daxil olan nüfuzlu beynəlxalq jurnallarda öz əksini tapmışdır.

İnstitutda AR Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı 5 yanvar 2022-ci il tarixli Sərəncamının icrası istiqamətində AMEA-nın tədbirlər planına uyğun müvafiq tədbirlər həyata keçirilmişdir.

Sonra icraçı direktor elmi tədqiqat, təhsil və təcrübi fəaliyyətin gücləndirilməsi ilə bağlı bir sıra təklifləri irəli sürüb. Eksperimental tədqiqatların səviyyəsini qaldırmaq məqsədilə institutun müasir tədqiqat cihazları və qurğuları, kimyəvi maddələr və alətlərlə təminatı, mövcud eksperimental qurğuların vaxtaşırı təmiri üçün lazımi vəsaitin ayrılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, qabaqcıl elmi mərkəzlərlə əməkdaşlıq müqavilələri üzrə birgə tədqiqat işlərinin aparılmasının zəruriliyini önə çəkib.

Həmçinin Fizika İnstitutunda elmi kadrların hazırlanması, patent və ixtiraçılıq sahəsində əldə olunmuş nəticələr, elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əlaqələr, keçirilmiş konfranslar və simpoziumlar haqqında məlumat verib.

Daha sonra Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bu elmi müəssisənin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Baş diterktor əvvəlcə AR Prezidenti tərəfindən təsdiq olunmuş Milli Prioritetlər və Dövlət Proqramları, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin, eyni zamanda AMEA-nın Ümumi yığıncağının 27 aprel 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar görülmüş işlərdən bəhs edib.

O, 2022-ci ildə 4 problem üzrə 10 mövzuda 21 elmi-tədqiqat işinin yerinə yetirildiyini, onlardan 11-nin institutun Elmi Şurası tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirildiyini vurğulayıb.

Alim radiasiya təhlükəsizliyinin elmi əsasları, radioaktiv material və maddələrin təbiətdə paylanması ilə əlaqəli ekoloji problemlər, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, ekoloji təmiz energetika, azkarbonlu texnologiyalar problemləri üzrə əldə olunmuş mühüm elmi nəticələri təqdim edib. Eləcə də radioekeloji monitorinq sistemi, “Sipər-1 İVQ” perimetr mühafizə sistemi və 3.İldırım RD-10- radiokanal vasitəsilə məsafədən idarə olunma sistemi ilə bağlı yerinə yetirilmiş tətbiqi işlər haqqında məlumat verib.

AMEA-nın müxbir üzvü institutda bağlanmış əməkdaşlıq müqavilələri, bu qurumun innovasiya, nəşriyyat və patent fəaliyyəti, ölkədaxili və beynəlxalq qrant layihələrində iştirak, kadr hazırlığı, beynəlxalq əməkdaşlıq, konfrans və iclasların təşkili, elm və təhsilin inteqrasiyası, elektron elm sahəsində görülən işlərlə bağlı məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.

AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun 2022-ci il üzrə illik hesabatını bu qurumun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov təqdim edib. Cari ildə “Bioloji sistemlərin fiziki-kimyəvi əsasları” istiqamətində “Bioloji sistemlərdə struktur-dinamika-funksiya əlaqələri” problemi üzrə tədqiqatların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu deyib.

Baş direktorun sözlərinə görə, hesabat dövründə Biofizika İnstitutunda ilk növbədə AR Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrasından irəli gələn vəzifələr yerinə yetirilmişdir.

Sonra o, Biofizika İnstitutu, Milli Onkologiya Mərkəzi, Bakı Dövlət Universiteti, İstanbul Universiteti və İstanbul Kültür Universiteti ilə birgə aparılan tədqiqatların nəticələrindən bəhs edib. Sağlam-xərçəng hüceyrələrinin diskriminasiya edilməsi, dərman daşımaq potensialı olan fibroin nano-zərrəciklərinin hazırlanması və tədqiqi, tam qan plazması və qan plazması lipidlərinin tədqiqi, qan plazmasında ağciyər xərçənginin ilkin dövrdə skrininq vasitəsi ilə aşkarlanması və digər istiqamətlərdə əldə olunmuş nəticələr haqqında danışıb.

Baş direktorun sözlərinə görə, il ərzində çap olunmuş 13 məqalədən 7-si “Web of Science”, “Scopus”, “РИНЦ” kimi nüfuzlu elmi bazalara daxil olan jurnallarda işıq üzü görmüş, institut əməkdaşları 4 qrant layihəsində iştirak etmişlər.

O, AMEA-nın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, beynəlxalq elmi əlaqələrin gücləndirilməsi və s. istiqamətlərdə perspektivdə görülməsi nəzərdə tutulan tədbirlər barədə də danışıb.

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev cari ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat verib. Alim il ərzində fundamental tədqiqatların aparıldığını, respublikanın sənaye və iqtisadiyyatının inkişafı üçün mühüm rol oynayan bəzi məsələlərin riyazi modellərinin və uyğun həll alqoritmlərinin tədqiq edildiyini, elmi kadr hazırlığının həyata keçirildiyini, Azərbaycanın bir sıra elmi jurnallarının beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlərin görüldüyünü nəzərə çatdırıb. Bildirib ki, hesabat ilində onun nüfuzlu beynəlxalq jurnallarda 5 məqaləsi çap olunmuş, 3 qrant layihəsinin həyata keçirilməsində iştirak etmişdir.

Həmçinin qeyd edib ki, “Pilotsuz uçuş aparatlarının hərəkətinin riyazi modelləşdirilməsi və onların idarə olunması alqoritmlərinin işlənməsi” mövzusunda tədqiqatlar aparılmış, pilotsuz uçuş aparatlarının (PUA) hərəkətini təsvir edən riyazi modellər araşdırılmış və təkmilləşdirilmiş, PUA-nın bir növü olan kvadrokopterin hərəkətinin idarə olunması və tənzimlənməsi alqoritmləri işlənilmişdir. Tədqiqatlar nəticəsində hazırlanmış məqalələr nüfuzlu jurnallarda çap olunmuşdur.

F.Əliyev iclasda baş redaktoru olduğu, nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnalların fəaliyyəti haqqında da məlumat verib.

Tədbirdə AMEA-nın müxbir üzvü, BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vaqif Quliyev də 2022-ci il üzrə elmi, elmi-təşkilati fəaliyyəti və nailiyyətləri ilə bağlı hesabatı təqdim edib. Alim bildirib ki, 2022-ci ildə harmonik analizin aktual məsələləri sahəsində, o cümlədən, yeni baxılan funksional fəzalarda inteqral operatorların məhdudluğu üçün zəruri və kafi şərtlər, onların diferensial tənliklər nəzəriyyəsinə tətbiqi və bu kimi digər məsələlər ilə bağlı mühüm nəticələr əldə etmişdir. Bu nəticələrə dair məqalələri 2022-ci ildə “Clarivate Analytics”in siyahısında olan jurnallarda çap olunmuşdur.

Qeyd olunub ki, 2022-ci ildə ABŞ-ın Stenford Universitetinin dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına riyaziyyat sahəsində prof. Vaqif Quliyevin adı daxil edilmişdir.

Hər bir hesabata dair çoxsaylı suallar cavablandırılıb. Hesabatlar ətrafında gedən müzakirələrdə akademiklər – Arif Həşimov, Fikrət Əliyev, Adil Qəribov, AMEA-nın müxbir üzvləri – Oktay Qasımov, Ramiz Alıquliyev, Əminağa Sadıqov və digərləri çıxış edərək öz fikir və mülahizələrini səsləndiriblər.

İl ərzində müvafiq elmi müəssisələrdə görülmüş işlərə, aparılmış elmi tədqiqatların nəticələrinə dair geniş fikir mübadiləsi aparıldıqdan sonra hesabatlar qəbul olunub.

Akademik Rasim Əliquliyev FRTEB-in fəaliyyətini yüksək qiymətləndirərək bu Bölmənin elmi müəssisə və təşkilatlarının il ərzində səmərəli fəaliyyət göstərdiklərini, mühüm elmi nəticələr əldə etdiklərini söyləyib.

Alimin fikrincə, elmi müəssisələrdə prioritet istiqamətlər üzrə aparılan tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq jurnallarda öz əksini tapması təqdirəlayiq haldır. İl ərzində Bölmənin elmi müəssisə və təşkilatlarında nəzəri araşdırmalarla yanaşı, dövlətin və cəmiyyətin maraqlarına xidmət edən tətbiqi tədqiqatlara da üstünlük verilməsi alim və mütəxəssislərin dövlət başçısının yürütdüyü siyasətə dəstəyi kimi qiymətləndirilə bilər.

“Artıq yeni hüquqi şəraitdə FRTEB üzrə elmi müəssisələrin qarşısına daha ciddi, strateji vəzifələr qoyulur ki, bu da hər bir əməkdaşdan öhdəsinə düşən missiyanı daha məsuliyyətlə yerinə yetirməyi, qlobal çağırışlara adekvat elmi tədqiqatlarla məşğul olmağı zəruri edir”, – deyən AMEA-nın vitse-prezidenti məsul şəxsləri bu vəzifələrin həyata keçirilməsində fəal olmağa, verilən hər bir tapşırığa ciddi yanaşmağa çağırıb.

Akademik R.Əliquliyev çıxışının sonunda Bölmə üzvlərini, institut və təşkilatların əməkdaşları və digər tədbir iştirakçılarını AMEA və AR Elm və Təhsil Nazirliyi adından 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© www.science.gov.az