RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.01.2023]

Radiasiya Problemləri İnstitutunun 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti

AMEA-nın Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üçün illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

Tədbirdə əvvəlcə bölmə üzrə elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Radiasiya Problemləri İnstitutunun da 2022-ci ildəki elmi nailiyyətləri nümayiş olunub.

Qeyd edək ki, institutda 2022-ci hesabat ilində Elmin İnkişafı üzrə Milli Strategiyaya müvafiq olaraq radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları və ekoloji təmiz energetikanın elmi əsasları üzrə 4 problem, 10 mövzuya aid 21 elmi-tədqiqat işi aparılıb, nəzərdə tutulan bütün işlər yerinə yetirilib.

İnstitutda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi üçün müəyyənləşdirdiyi prioritetlərə uyğun tədqiqatlar aparılıb, alimlər qarşısında qoyulmuş həyata keçirilməsi zəruri olan vəzifələr yerinə yetirilib.

İşğaldan azad olunmuş Kəlbəcərin İstisu ərazisində su resurslarında radonun qatılığı təyin olunub və suların təyinatı müəyyənləşdirilib, texniki xarakteristikalar təkmilləşdirilmiş şüa qəbulediciləri üçün fotodiod yaradılıb, radiasiya texnologiyaları ilə işlənilmiş pambıq toxumlarından yüksək məhsuldarlıqlı və ətraf mühitin ekstremal şəraitinə dözümlü genotip alınıb, yarımkeçirici materiallara radiasiyanın təsiri ilə yüksək ion keçiriciliyinə malik materiallar alınıb, radiasiyanın və elektrik boşalmalarının təsiri ilə hidrogenin alınması, karbohidrogenlərin çevrilmələri və bərpa olunan enerjilərlə azkarbonlu proseslərin işlənməsi imkanları göstərilib.

“Qarabağa Böyük Qayıdış”prosesi və yenidənqurma işlərində yaxından iştirak, “Şuşa İli” ilə bağlı AMEA-nın Tədbirlər planına müvafiq tədbirlər və institutun strukturunun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilməli işlər yerinə yetirilib, həmçinin elm və təhsil sisteminin effektiv, çox şaxəli inteqrasiyası, ordu quruculuğunda müasir elmi yanaşmaların tətbiqi, ölkənin təbii ehtiyatlarının qorunması və səmərəli istifadəsinə dair elmi tədqiqatlar aparılıb.

İnstitut əməkdaşları Türkiyənin “Akkuyu Nuclear Santralının” inşaasında sıfrıncı vəziyyətin tədqiqinə aid uzunmüddətli təsərrüfat müqaviləsi imzalayıblar.

Hesabat ilində institutun əməkdaşlarının 285 elmi işi çap olunub. Cari ildə 53-ü “Web of Science” nəşriyyatına daxil olan jurnallarda olmaqla xarici jurnallarda 79, respublika mətbuatında 70 məqalə dərc edilib. 2022-ci ildə institut əməkdaşlarının məqalələrinə 5482 istinad olub, 4 kitab, 3 monoqrafiya, 2 dərslik nəşr edilib.

İnstitutun müxtəlif laboratoriyalarının əməkdaşları 2022-ci ildə 5 patent alıb, 4 patent “Sənaye Mülkiyyəti” rəsmi bülleteninə daxil edilib və 4 patentə ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş alınıb.

Dövri nəşrlər sahəsində institutun ingilis dilində nəşr etdiyi “Journal of Radiation Researchers” jurnalının 1-ci nömrəsi (V.9, N1) çapdan çıxıb, 2-ci nömrəsi isə çapa hazırlanıb.

Kadrların hazırlanması istiqamətində 2022-ci ildə institut əməkdaşları 8 fəlsəfə və 1 elmlər doktoru dissertasiyası müdafiə ediblər. Hazırda institutun 8 əməkdaşı Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda tədqiqatlar aparır, 1 əməkdaş Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (AEBA), 1 əməkdaş isə Türkiyədə Yıldız Texniki Universitetində təhsil alır.

Elmi əsərləri dünyanın reytinqli və yüksək indeksli jurnallarında çap olunan 36 yaşlı gənc elmlər doktoru Elçin Hüseynovun və fizika üzrə fəlsəfə doktoru 38 yaşlı Mətləb Mirzəyevin adı “Elsevier” nəşriyatının 2022-ci il üçün təqdim etdiyi dünyanın ən uğurlu alimlərinin 2%-lik siyahısına daxil edilib. Ümumiyyətlə, institutda 40 yaşına çatmamış 3 elmlər doktoru çalışır.

2022-ci ildə Radiasiya Problemləri İnstitutunda üç qurğu (PUA-lar üzərində yerləşdirilən radioekoloji monitoring qurğusu, “Sipər-1” sərhəd-mühafizə qurğusu və xüsusi təyinatlı “İldırım-1” qurğusu) işlənib ki, onlardan ikisi 26-29 may tarixlərində Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında sərgilənib.

İnstitutda 2-si AEBA, 2-si SOCAR Elm Fondu, 1-i EİF-AzTürk olmaqla 5 qrant layihəsi həyata keçirilir. Bu il institut əməkdaşları “HORIZON 2020” qrantı qazanıblar.

İnstitutun beynəlxalq əlaqələri 2022-ci ildə daha da genişlənib. Belə ki, Çexiyanın Praqa şəhərində yerləşən Texniki Universitetlə əməkdaşlıq müqaviləsi bağlanıb və müqavilə çərçəvəsində yeni detektor modulları hazırlanıb. Həmçinin, Türkiyənin Bolu Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Dedektorları Tətbiq və Araşdırma Mərkəzi (NÜRDAM) ilə birlikdə yeni silisium əsaslı PİN və pikselli fotodiodların hazırlanması istiqamətində əməkdaşlıq edilir, eləcə də 2022-ci ildə birgə əməkdaşlıq çərçivəsində yeni silisium əsaslı Si-PİN fotodiodlar hazırlanıb. Hazırda Rusiya Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu, Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu, Portuqaliyanın Lusóbona Universiteti, Ukraynanın V. Laşkaryov adında Yarımkeçiricilər Fizikası İnstitutu, Almaniyanın Dortmund Texniki Universitetinin Fizika fakültəsi, Belarus Dövlət Universiteti ilə birgə tədqiqatlar aparılır.

Fundamental elmlə təhsilin əlaqəsi istiqmətində respublikanın müxtəlif ali təhsil ocaqları – Bakı Dövlət Universiteti, Aviasiya Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Müdafiə Universiteti və s. ilə əməkdaşlıq müqavilələri əsasında tələbələrin istehsalat və elmi təcrübələri təşkil edilib, bakalavr buraxılış işləri və magistr dissertasiyalarına rəhbərlik edilib, Universitet müəllimləri İnstitutda ixtisasartırma kurslarında olublar. 2022-ci ildə ADNSU-nun “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi” və “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedralarının filialı açılıb.

İnstitutun əməkdaşları AzMİU, UFAZ və AMU-nin tələbələri qarşısında müxtəlif mövzularda mühazirələr oxuyublar. “Sabahın alimləri” respublika müsabiqəsində RPİ-nin alimlərinin rəhbərlik etdiyi şagirdlər nailiyyətlər qazanmış, “Sabah” qruplarının tələbələri institutda müasir metodikalara yiyələniblər.

İl ərzində institutda gənc alim və mütəxəssislər üçün müxtəlif tədqiqat üsullarına həsr olunmuş seminarlar təşkil edilib, Türkiyənin Əskişəhər Texniki Universitetinin Mühəndislik fakültəsinin “Kimya mühəndisliyi” kafedrasının rəhbəri Nəzihə Ayasla görüş keçirilib və alim “Bərpaolunan enerji” adlı məruzə ilə çıxış edib. Həmçinin institutda Təbriz Universitetinin professoru Əziz Əftəxari ilə görüş keçirilib və alimin “Nanotexnologiyaların ətraf mühit və tibb sahəsində tətbiqi” adlı məruzəsi dinlənilib.

28-29 oktyabr 2022-ci il tarixlərində AMEA FRTEB və Radiasiya Problemləri İnstitutu “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda respublika elmi-texniki konfransı keçirib. Konfransın bağlanış mərasimi Azərbaycanın mədəniyyət mərkəzi Şuşada təşkil olunub.

Ötən il ərzində institut əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə - Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Assambleyasının iclasında, “Ətraf mühitdə və sənayedə radiasiya texnologiyalarının istifadəsinin artırılması” layihəsi və “Nüvə analitik metodlarından istifadə etməklə Aralıq dənizində, Qara dənizdə, Xəzər dənizində və Aral dənizində sahil idarəetməsinin gücləndirilməsi” layihəsinin müzakirəsində, “Praktiki sahə tətbiqləri ilə çirklənmiş sahələrin yerində xarakterizə edilməsi” regional treninq kursunda, “Radioaktiv izləyicilər və Qamma Skan edilməsi üzrə sertifikatlaşdırma” üzrə Fransanın Saclay şəhərində keçirilən təlim kursunda, Portuqaliyanın Lissabon şəhərində yerləşən “NOVA University”də Avropa Komissiyasının elan etdiyi “HORİZON 2020” proqramının növbəti illər üçün yeni elmi-tədqiqat layihəsi çərçivəsində, eləcə də Türkiyənin Kapadokya Texnoparkının dəvəti və təşkilatçılığı ilə Ankara, Nevşehir və İstanbul şəhərlərinə qardaş ölkənin texnoparklar, inkubasiya mərkəzləri, texnologiyaların transferi ofislərinin fəaliyyətinin və rezidentlərlə iş sahəsində təcrübəsinin öyrənilməsi, eləcə də texnoparkların maliyyələşmə mexanizmlərinin araşdırılması, innovasiya fondları və beynəlxalq təşkilatların (BMT, Avropa Birliyi, Dünya və Asiya Bankları və s.) təqdim etdiyi layihə və qrant imkanlarından birgə istifadə yollarının müzakirə edilməsi və s. tədbirlərdə iştirak ediblər.

Əməkdaşlar, həmçinin Türkiyənin İzmir şəhərində Egey Universitetinin təşkilatçılığı ilə keçirilən “Nuclear Science and Techoligies” adlı beynəlxalq konfransda, Qazaxıstanın Almatı şəhərində keçirilən “Nuclear and Radiation Physics” 14-cü beynəlxalq konfransda məruzələrlə iştirak ediblər. Eyni zamanda Radiasiya Problemləri İnstitutu “TEKNOFEST 2022” beynəlxalq sərgisində İnnovativ Tədqiqatlar qrupu tərəfindən uğurla təmsil olunub.

İl ərzində institutun İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması işi plan üzrə davam etdirilib. Belə ki, ötən il ərzində mədəni-kütləvi və elmi tədbirlər, həmçinin elmi-tədqiqat işləri və əməkdaşların ezamiyyətləri və s. haqqında hazırlanmış 98 xəbər, ölkə mətbuatında yayımlanmış 4 məqalə, eləcə də AMEA və Azərbaycan alimlərinin fəaliyyəti və s. istiqamətlərdə Akademiyanın rəsmi saytına istinadən 14 xəbər institutun rəsmi saytında (irp.science.az) dərc edilib. Hesabat ilində institut rəhbərliyi və əməkdaşları müxtəlif KİV-nə (AzTV, İctimai TV, ARB TV, Dünya TV, Azərtac, Report, “Həftə”, “AYNA” və s.) müsahibələr verib, müxtəlif televiziya proqramlarında qonaq qismində iştirak ediblər. İnstitutun fəaliyyəti sosial şəbəkələrdə, KİV-də və institutun saytında (irp.science.az) intensiv işıqlandırılıb. 2022-ci ildə institutun rəsmi veb-saytına 68 ölkədən 35 minə yaxın keçid edilib.

www.science.gov.az