RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.01.2023]

Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) növbəti görüş keçirilib. Görüşdə qonaq qismində Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev və sözügedən agentliyin əməkdaşı Əkbər Quliyev iştirak edib.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonaqları salamlayıb və rəhbərlik etdiyi elmi müəssisənin tarixi, elmi-təşkilati fəaliyyəti və əldə etdiyi mühüm nəticələri diqqətə çatdırıb. Çıxışı zamanı İnstitutun maddi-texniki və kadr potensialı, həmçinin işğaldan azad olunan ərazilərimizdə aparılan tədqiqat işləri haqqında da məlumat verən İ.Mustafayev İnstitutun daha sıx əməkdaşlığa daim hazır olduğunu bildirib, eləcə də radioaktiv tullantıların inventarlaşdırılmasının və bu sahadə birgə fəaliyyətin vacibliyi vurğulayıb.

Sonra çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva elmi müəssisənin beynəlxalq əməkdaşlıq əlaqələri, həmçinin laboratoriyaların elmi istiqamətləri və əldə etdiyi mühüm nəticələr haqqında qonaqlara məlumat verib.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev Radiasiya Problemləri İnstitutu haqqında xoş təəsüratlarını bölüşüb, eləcə də aparılacaq tədqiqatların hüquqi əsasları və mövcud qanun layihələri haqqında məlumat verib.

Radiasiya təhlükəsizliyi istiqamətində tədrisin keyfiyyətinin artırılması üçün müvafiq təlim və seminarların keçirilməsinin nəzərdə tutulduğunu, eyni zamanda əhalinin bu sahədə marifləndirilməsinin vacibliyini qeyd edən N.Əliyev gələcəkdə radiasiya təhlükəsizliyi üzrə Monitorinq Mərkəzinin yaradılacağını da bildirib.

Sonda çıxış edən İnstitutun laboratoriya rəhbərləri – kimya elmləri doktoru, dosent Xaqani Məmmədov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılmış tədqiqat işləri və onların nəticələri, eləcə də rodon təhlükəsizliyi və bu sahədə görüləcək işlər haqqında məlumat veriblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.