RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.02.2023]

11 Fevral “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu və Fizika İnstitutunun Qadınlar şuralarının birgə təşkilatçılığı ilə BMT-nin 11 Fevral “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Qadınlar Təşkilatının rəhbərliyi və institutların qadın əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi, eləcə də qardaş Türkiyədə vəfat etmiş zəlzələ qurbanları hörmət və ehtiramla yad edilib.

Sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun Qadınlar Şurasının sədri Rəvan Mehdiyeva iştirakçıları salamlayıb, həmçinin BMT-nin bu ilki “Rəqəmsallıq hamı üçün: gender bərabərliyi üçün innovasiya və texnologiyalar” mövzusu haqqında məlumat verib. Ölkəmizdə elm tarixinin yaşının Avropa ölkələri ilə müqayisədə az olmasına baxmayaraq Azərbaycan alim qadın və qızlarının elmdəki uğurlarından danışan R.Mehdiyeva bildirib ki, qadın nə qədər zərif bir varlıq olsa da həyatın bütün sahələrində öz məsuliyyətini dərk edir və daim əzmlə çalışır, bu məsuliyyətin yükünü çiyinlərində daşıya bilir.

Tədbirdə daha sonra biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibova marifçi qadın Nazlı xanım Tahirova-Nəcəfova haqqında “Zülmətdə nur”, Gülçin Mahmudlu “Tarixdə iz qoymuş qadınlar”, Lamiyə Sadıqlı “Qızların və qadınların elmdə rolu”, fizika üzrə elmlər doktoru, dosent Təranə Nurubəyli “Azərbaycan qadını bütün dünya qadınlarına örnəkdir!” və fizika üzrə fəlsəfə doktoru Raida İbayeva “Azərbaycan xanımlarının elmə verdiyi töhfələr” adlı təqdimatlarla çıxış ediblər.

Sonda AMEA Qadınlar Təşkilatının sədri professor Rəna Mirzəzadə tədbirə yekun vuraraq tədbiri yüksək qiymətləndirmiş və gənclərin fəal iştirakına görə təşkilatçılara təşəkkür etmişdir.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.