RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.02.2023]

Radiasiya Problemləri İnstitutunun iştirak etdiyi konsorsium “Horizon” Proqramı üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyasının alimlərinin yeni silisium əsaslı fotoelektron gücləndiricilərin Hibrid Skanerlərində tətbiqinin öyrənilməsi üçün hazırlayacağı “Nüvə Təbabəti üçün Qabaqcıl Hibrid “Maqnit Rezonans/Pozitron Emissiya Tomoqrafiyası” Skanerləri üçün İnnovativ Fotodetektor Modulu” adlı layihə qalib elan edilib.

HORIZON-MSCA-2021-SE-01 çağırışı üzrə təqdim edilən və Avropa Komissiyasının maliyələşdiridiyi layihənin 6 iş paketi üzrə 48 ay müddətində yerinə yetirilməsi planlaşdırılıb.

PET-MRT hibrid skanerlərində detektorlarının parametrlərinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanmış layihə müddətində yeni fotodiodların hazırlanması və parametrlərinin təyin edilməsi, dəstəkləyici elektronika hissələrin hazırlanması və sınağı, həmçinin detektor modulunun hazırlanması və sınağı nəzərdə tutulub.

Sözügedən layihədə Radiasiya Problemləri İnstitutu ilə yanaşı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türkiyənin Bolu Abant İzzət Baysal Universitetinin Fizika fakültəsi, Portuqaliyanın COFAC (Cooperativa de Formacao e Animacao Cultural, C.L.R) Koperativi, Çex Respublikasının Qərbi Bohemiya Universitetinin Elektrik Mühəndisliyi fakültəsi və Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutu da iştirak edir.

Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda fizika üzrə gənc elmlər doktoru dosent Fərid Əhmədovun rəhbərlik etdiyi “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” Laboratoriyasının alimləri silisium əsaslı fotoelektron gücləndiricilərin hazırlanması və onların tətbiq sahəsində böyük təcrübəyə malikdirlər. Bu istiqamətdə son 10 ildə laboratoriya tərəfindən 70-dən çox elmi iş dərc edilib, 6 patent alınıb və 10-dan çox yerli və beynəlxalq qrant layihəsi yerinə yetirilib. Hazırda fotodiodların hazırlanması və tətbiqi istiqamətində Türkiyənin, Çex Respublikasının, Portuqaliyanın, Almaniyanın, Kanadanın, Ukraynanın və Rusiyanın elmi qurumları ilə sıx əməkdaşlıq aparılır.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.