RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.02.2023]

Radiasiya Problemləri İnstitutunda təcrübə keçəcək universitet tələbələri ilə görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə əsasən istehsalat təcrübəsi keçəcək universitet tələbələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev tələbələri salamlayıb, həmçinin İnstitutun tarixi, elmi tədqiqat istiqamətləri, əldə olunmuş nailiyyətlər və kadr potensialı haqqında məlumat verib.

Öz çıxışında elm və təhsilin qarşılıqlı əlaqəsinə də toxunan İ.Mustafayev ənənəvi olaraq təşkil olunan “Sabahın alimləri” Respublika müsabiqəsi və onun əhəmiyyətindən bəhs edib, eyni zamanda builki müsabiqədə də İnstitut alimlərinin aktiv iştirak etdiyini və onların rəhbərliyi ilə hazırlanmış 4 layihənin qalib olduğunu bildirib.

Sonra İnstitutun ən gənc elmlər doktorlarından olan fizika elmləri doktoru, dosent Famin Salmanov, Fərid Əhmədov və Elçin Hüseynovu, həmçinin ötən il ölkəmizdə ilk dəfə təşkil olunmuş “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında qalib olmuş İnstitut əməkdaşlarını – Namiq Heydərov, İbrahim Nuriyev və Məqsud Nəzərovu tələbələrə təqdim edən İ.Mustafayev onların gənclər üçün örnək olduğunu bildirib.

Görüşdə daha sonra çıxış edən RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva İnstitutda aparılan multidissiplinar tədqiqatlar haqqında məlumat verib, eləcə də tələbələri bu istehsalat təcrübəsində aktiv iştirak etməyə çağırıb.

Sonda universitetlərin qrup rəhbərləri adından çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, kimya elmləri doktoru, professor Rasim Alosmanov səmimi qonaqpərvərliyə və tələbələr üçün yaradılmış şəraitə görə İnstitut rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda 16 Fevral – 24 May tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IV kurs tələbələri, 16 Fevral – 25 May tarixlərində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri, 16 Fevral – 25 May tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin sonuncu kurs bakalavr və 16 Fevral – 15 Mart tarixlərində istehsalat və magistr dərəcəsi üzrə təhsil alan tələbələri elmi-tədqiqat və istehsalat təcrübəsi keçəcəklər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.