RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.04.2023]

Radiasiya Problemləri İnstitutunun Baş direktoru İ.Mustafayev H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş Konfransda çıxış edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı elmi konfransda iştirak edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkil etdiyi Konfransda iştirakçılar əvvəlcə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyub və onun əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Konfrans zalında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun giriş sözündən sonra Milli Məclisin Deputatı Bəhruz Məhərrəmov və Rayon Ağsaqallar Şurasının sədri Akif Kazımov çıxış ediblər.

Tədbirdə daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişafı” adlı məruzə ilə çıxış edib. İ.Mustafayev öz çıxışında H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə məktəblərin, ali təhsil ocaqlarının, elmi-tədqiqat institutlarının və elm-təhsil sahəsində insan resurslarının inkişafı barədə rəqəmlər səsləndirib. Bildirib ki, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-ci illərdə orta ümumtəhsil məktəblərinin şəbəkəsi 3 dəfə artırılaraq 2000-i keçmiş, ali məktəbdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artıb. Əgər 1969-cu ildə Azərbaycandan cəmi 47 nəfər SSRİ-nin iri şəhərlərinə ali təhsil almağa göndərilirdisə, 1982-ci ildə bu göstərici 1200-dən artıq olub. 1969-1978-ci illərdə ölkəmizdə elmi-tədqiqat institutlarının sayı 89-dan 118-ə, elmlər namizədlərinin sayı 3000-dən 7594-ə, elmlər doktorlarının sayı 329-dan 853-ə, elmi işçilərin sayı 12850-dən 21407-ə çatıb.

Azərbaycan elminin inciləri sayılan və keçmiş SSRİ-də sayca cəmi bir və ya bir neçə olan güclü teleskoplarla təchiz olunmuş rəsədxana, kompleks şüalandırma mənbələri, unikal Nəbatat bağı və s. akademik obyektlər H.Əliyev dövründə öz bərpasını və inkişafını tapmışdır. Təkcə 1979-cu ildə təbiət və ictimai elmlər sahəsində respublikada aparılan elmi-tədqiqatların 55 nəticəsi sovet elminin ən mühüm nailiyyətləri sırasında qeyd edilib. 70-80-ci illərdə – 10 il ərzində Azərbaycan Elmlər Akademiyası alimlərinin tədqiqatlarının istehsalata tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 570 milyon manatdan çox olmuş, 1000-dən çox müəlliflik şəhadətnaməsi alınıb. 1970-1985-ci illərdə iqtisadi səmərəyə malik 850-yə yaxın iş xalq təsərrüfatında tətbiq edilmiş, 2280 elmi, elmi-tədqiqat və xalq təsərrüfatı əhəmiyyətli nəticə əldə olunub.

Qeyd edək ki, konfransda İ.Mustafayevlə yanaşı Zoologiya İnstitutunun Baş direktoru Ə.Eyvazov, Azərbaycan Dillər Universitetinin dekanı, professor F.Cahangirov və digər alimlər də iştirak ediblər.

Konfrans iştirakçıları daha sonra Biləsuvar şəhərində yerləşən Milli Qəhrəman Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksi ilə tanış olub, rayon məktəblərinin yuxarı sinif şagirdləri ilə görüş keçirib və onların suallarını cavablandırıblar.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.