RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.04.2023]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə instututun alimləri – fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov və fizika elmləri doktoru, dosent Elçin Hüseynova elmi əsərlərinə olan yüksək istinad göstəricilərinə görə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş diplomlar təqdim olunub.

Elmi Şuranın iclasında sonra işçilərin, İnstitutda təhsil alan doktorant və dissertantların attestasiyası haqqında məsələyə baxılıb, İnstitutun “Radiobiologiya” və “Bərpaolunan enerji növlərinin çevrilməsi” laboratoriyalarına rəhbər və “Layihələndirmə-konstruktor” şöbəsinə müdir vəzifəsinə seçki müsabiqəsində iştirak edəcək iddiaçıların sənədlərinə baxış məqsədilə müsabiqə komissiyası yaradılıb, eləcə də “Radiokimya və Radioprotektorlar” laboratoriyasının əməkdaşı Nicat Mirzəyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı ezamiyyət müddəti 1(bir) il uzadılıb.

Tədbirdə “Radiokimya və Radioprotektorlar” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zöhrə Müslümovanın hazırladığı “Bitkilərin radiasiya stresindən qorunmasında təbii mənşəli birləşmələrin rolu” adlı monoqrafiyanın nəşrinə icazə verilib.

İclasda Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinin müdiri vəzifəsinə seçki keçirilib və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərmin Quliyeva sözügedən vəzifəyə layiq görülüb.

Sonda əmək intizamının möhkəmləndirilməsi, İnstituta məxsus cihaz və avadanlıqların vəziyyəti, həmçinin bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.