RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[20.04.2023]

Radiasiya Problemləri İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev həkim peşəsini vicdanla yerinə yetirən Zərifə xanım Əliyevanın insanların sağlamlığının qorunmasında və xəstəliklərin qarşısının alınmasında göstərmiş olduğu səylərə toxunaraq onun həmvətənlərinin qayğısına qalan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən, eləcə də bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək, humanist bir insan olduğunu diqqətə çatdırıb.

İ.Mustafayev insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi və nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı həm elmi fəaliyyətində böyük uğurlar qazanmış görkəmli alim, həm də öz fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirib. Həmçinin, görkəmli alimin bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını bildirən İ.Mustafayev onun əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.

Tədbirdə daha sonra çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Çıxışında fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı və fəal həyat mövqeyinin Zərifə xanım Əliyevanı hər kəsə sevdirdiyini bildirən R.Mehdiyeva alimin Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırdığını diqqətə çatdırıb. Qeyd edib ki, dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.

Görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir: Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Zərifə xanım Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib.

Tədbirdə çıxış edən İnstitutun digər əməkdaşları mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat və müdriklik örnəyi olan, eyni zamanda bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş və cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla anılacağını diqqətə çatdırıblar.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.