RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.05.2023]

Radiasiya Problemləri İnstitutunda "Radiasiya texnologiyaları və onun tətbiqləri" adlı Respublika elmi-texniki konfrans keçirilir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Radiasiya texnologiyaları və onun tətbiqləri" adlı Respublika elmi-texniki konfransı keçirilir.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev konfrans iştirakçılarını salamlayıb və İnstitutun yaranması tarixi, elmi fəaliyyət istiqamətləri və əldə olunmuş nailiyyətləri, kadr potensialı və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.

Çıxışında müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyaların fəaliyyətinə də toxunan İ.Mustafayev dövlət qrumları və universitetlərlə əməkdaşlıqdan danışıb, həmçinin innovativ layihələr, beynəlxalq müsabiqələr və festivallarda əldə olunmuş nailiyyətlər, beynəlxalq elmi reytinqlərdə institut alimlərinin uğurlarını diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev əvvəlcə konfrans iştirakçılarına AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin üzvlərinin salamlarını çatdırıb. Çıxışında Ulu Öndər Heydər Əliyevin elmə göstərdiyi daimi qayğı və diqqətdən, dahi şəxsiyyətin zamanın önündəki fikir və ideyalarından, Azərbaycanda elmin inkişafındakı müstəsna xidmətlərindən danışan R.Əliquliyev Radiasiya Problemləri İnstitutunun Azərbaycanda elmi-texniki siyasətin həyata keçirilməsinə verdiyi töhfələri və institutun qazandığı uğurları yüksək qiymətləndirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli Elm və Təhsil naziri Emin Əmrullayevin konfrans iştirakçılarına salamlarını və təbrikini çatdırıb. Ümummilli Liderin qabaqcıl elm və təhsil strategiyası, onun elm adamlarına, ziyalılara daimi qayğı və diqqətin ölkəmizdə elmin inkişafına təkan verdiyini bildirən N.Məmmədli bu gün də cənab Prezident İlham Əliyev tərəfindən bu diqqət və qayğının davam etdiyini, yeni və müasir təhsil və elm proqramlarının, innovativ layihələrin həyata keçirildiyini qeyd edib.

Radiasiya texnologiyalarının digər elm sahələrində də tətbiqinin əhəmiyyətindən danışan N.Məmmədli RPİ-nin fəaliyyətini, onun elmlərarası əməkdaşlığa verdiyi töhfələri və alimlərin nailiyyətlərini yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıb.

Konfransda daha sonra çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, professor Nigar Aslanova universitetin rektoru Gülçöhrə Məmmədovanın konfrans iştirakçılarına salamlarını və təbrikini çatdırıb. N.Aslanova elm və təhsilinin inteqrasiyası prossesində Radiasiya Problemləri İnstitutunun aktiv iştirak, eləcə də institutun səmərəli fəaliyyətini və alimlərin nailiyyətlərini yüksək qiymətləndirdiyini bildirib.

Sonra çıxış edən AMEA-nın Prezidentinin müşaviri, akademik Adil Qəribov Radiasiya Problemləri İnstitutunun əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, İnstitutun laboratoriyalarında müasir cihaz və avadanlıqlarla aparılan tədqiqatlar mühüm əhəmiyyətə malikdir və İnstitutun elmi fəaliyyət istiqamətləri üzrə peşəkar kadr potensialı var.

Konfransda “Elm Günü” münasibətilə təltif olunan İnstitut alimləri – Namiq Heydərov və fizika üzrə elmlər doktoru Fərid Əhmədova diplomları təqdim olunub.

Daha sonra konfransın Plenar iclası keçirilib.

İclasda Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev “Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə elm və təhsil sahələrinin inkişafı”, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov “Heydər Əliyev və Azərbaycanda din siyasəti” və RPİ-nin icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva “Heydər Əliyevin Azərbaycanda Radiasiya tədqiqatlarının inkişafı strategiyası” adlı məruzələrlə çıxış ediblər.

Fasilədən sonra konfrans bölmələr üzrə öz işinə davam edib.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.