RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.05.2023]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib.

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksi ilə anlaşma memorandumu, cari ayın əvvəlində İnstitutda keçirilmiş “Radiasiya texnologiyaları və onların tətbiqləri” adlı konfransın nəticələri və yeni konfransa hazırlıq, həmçinin Azərbaycan Respublikası və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasının Protokolunun təhsil və elm sahəsində əməkdaşlıq bölməsinin müvafiq müddəalarının icrasının təmin edilməsi haqqındakı məsələlərə baxılıb.

Sonra “Polimerlər və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Nəbi Əliyevin dosent elmi adı alması üçün müraciətinə baxılıb, eləcə də “Enerjiqəbuledici radiasiya prossesləri” laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Fətullah Çiçək tərəfindən təqdim olunmuş “İonlaşdırıcı şüaların Türkiyə liqnitlərinə təsiri” və “Nizamsız bərk cismlərin radiasiya fizikası” laboratoriyasının aparıcı elmi işçisi vəzifəsini icra edən, fizika elmləri doktoru, dosent Elçin Hüseynov tərəfindən təqdim olunmuş “Neytron-nanohissəcik qarşılıqlı təsiri və 3C-SiC nanokristallarında neytron çevrilmələri” adlı monoqrafiyaların nəşrinə icazə verilməsi məsələsi müzakirə edilib.

İclasda daha sonra Radiasiya Problemləri İnstitutunun “Radiobiologiya” və “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyalarına rəhbər, “Layihələndirmə-konstruktor” şöbəsinə müdir vəzifələrinə seçki müsabiqəsində iştirak edəcək iddiaçıların sənədlərinə baxış komissiyasının qərarı, əməkdaşların attestasiyasının nəticələri, ezamiyyətlər haqqındakı hesabatlar, əmək intizamının möhkəmləndirilməsi və cari məsələlər ətrafında müzakirələr aparılıb.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.