RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.07.2023]

Quramalarda əbədiləşən bir kimyaçı ömrü başa çatmışdır

İçərişəhərdə, üzərində tarixin izləri qalan qədim bir evdə alimlər ailəsində dünyaya göz açan kimya elmləri namizədi, dosent Xalidə xanım bu gün əbədi olaraq dünyaya göz yummuş, 77 illik ömrünü ad günü ərəfəsində başa vurmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-kimya Prosesləri İnstitutunda, Sumqayıt Xlor-üzvi Birləşmələr İnstitutunda elmi karyerasına başlayan Xalidə Nəsirova neft kimyası və neft-kimyəvi sintez sahələrində dəyərli tədqiqatlara imza atmış, 10-dan çox beynəlxalq və yerli konfransda iştirak etmiş, 60-dan çox elmi əsərin, 13 patentin müəllifi olmuşdur. Onu tədqiqatları ikiqat əlaqələr ilə qoşulmuş aromatik dien karbohidrogenlərin alkinilləşdirilməsinə həsr olunmuşdur.

Xalidə xanım, ömrünün son 20 ilini Radiasiya Problemləri İnstitutunda karbohidrogenlərin radiasiya-kimyəvi çevrilmələri proseslərinin tədqiqinə həsr etmişdir. Tədqiqat proseslərində dəqiqliklə incələmək, dürüst və əsaslandırılmış nəticələr əldə etmək, həmçinin yüksək keyfiyyət təmin etmək X.Nəsirovanın kimyaçı kimi yaradıcılığının səciyyəvi cəhətləri idi.

Son 30 ildə X.Nəsirovanın yaradıcılığının mühüm bir hissəsini də “Qurama xalq yaradıcılığı” və onun inkişafına verdiyi töhfələr təşkil edir. 1990-cı ildə xalqımızın başına gətirilən 20 Yanvar faciəsindən sonra Xalidə xanım qəlbində baş qaldıran emosional hislərin təsiri altında 3330 parça hissəsindən ibarət “Mənim dostlarım” adlı quramanı işləmişdir. Zamanla qazanılmış təcrübə və peşəkarlıq sayəsində gözəl əsərlər yaradan alimin “Avroviziya 2012”, “İçərişəhərin sirləri”, “İmdad” adlı işləri və digər çoxsaylı quramalarında sənətkarın özünəməxsus bədii axtarışları öz əksini tapmışdır.

Qeyd edək ki, İçərişəhərin ecazkar tarixi abidələrinin qorunmasına və Azərbaycan ictimaiyyətinin bir çox problemlərinin həllinə həsr olunmuş 40-dan çox qurama kompleksi dəfələrlə “Xalidə Nəsirovanın qurama dünyası” adı altında ölkəmizin sərgi salonlarını bəzəmiş, ziyarətçilərin rəğbətini qazanmışdır .

Xalidə xanım dostları və həmkarları arasında hazırcavablığı, incə yumor hissi, dürüstlüyü və yüksək vətəndaşlıq mövqeyi ilə fərqlənirdi. Onun xatirəsi daim yaşayacaq, sevənlərinin yaddaşından silinməyəcəkdir.

ALLAH RƏHMƏT ELƏSİN

Radiasiya Problemləri İnstitutunun kollektivi