RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.03.2014]

Azərbaycan Respublikasının qabaqcıl liseylərinin şagirdlərinin AMEA Radiasiya Problemləri İnstitutunda elmi fəaliyyətlərinin uğurlu nəticələri

        Artıq 10 ildən artıqdır ki, AMEA Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikasının qabaqcıl liseylərinin elmi fəaliyyətə ilk addımlarını atmaq istəyən şagirdləri üçün imkanlar yaradır. Bu şagirdlər institutun alimlərinin rəhbərliyi altında ən müasir cihazlardan və metodlardan istifadə etməklə elmi araşdırmalarda və eksperimentlərdə iştirak edir və oz elmi ideyalarını həyata keçirməyə çalışırlar. Həmin şagirdlər beynəlxalq və respublika olimpiadalarında hər il uğurla iştirak edir və qələbələr qazanırlar. Bu qələbələr Radiasiya Problemləri İnstitutunda yaradılan elmi şəraitin, elmi rəhbərlərin fəaliyyətinin və şagirdlərin təhsil aldığı liseylərdə fənn müəllilərinin əməyinin nəticəsidir. Artıq 3-cü ildir ki, Radiasiya Problemləri İnstitutunun alimləri fizika üzrə fəlsəfə doktoru, dosent Mətanət Mehrabova və biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi altında aparılan elmi tədqiqat işlərinə görə şagirdlər "Sabahın alimləri" Respublika müsabiqəsinin 1-ci yerinə layq görülürlər və ABŞ-da keçirilən mötəbər İntel-İSEF beynəlxalq olimpiadasında iştirak etmək hüququ qazanırlar. Bu il də 1-ci yerə fizika bolməsi üzrə M.Mehrabovanın rəhbərliyi altında "Gənc İstedadlar" liseyinin 10-cu sinif şagirdi Nuru Nurudil və A.Nəsibovanın rəhbərliyi altında biologiya bölməsi üzrə 16 saylı texniki humanitar liseyin şagirdləri Nərgiz Allahverdiyeva və Cəmil İmranov layiq görülmüşlər. Qeyd edək ki, ötən il də Nuru Nurudil həmin müsabiqənin 1-cisi olmuş və 2013-cü il 13-18 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində yuxarı sinif şagirdləri üçün 64-cü Intel International Science and Engineering Fair (İntel İSEF) - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmişdir. Bu il ise hemin mötəbər yarışmaya ölkəmizdən Nərgiz Allahverdiyeva və Cəmil İmranov qatılacaqlar. Əminik ki, şagirdlər AMEA Radiasiya Problemləri İnstitutunda alimlərimizin rəhbərliyi altında reallaşdırdıqları elmi ideyalarını ABŞ-da münsiflər heyətinə müvəffəqiyyətlə təqdim edəcəklər.