RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.12.2023]

Radiasiya Problemləri İnstitutunda Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllim və şagird kollektivi ilə görüş keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin müəllim və şagird kollektivinin nümayəndələri ilə görüş keçirilib.

Qarşılıqlı əməkdaşlığa dair Memorandum əsasında “Sabahın alimləri” Respublika müsabiqəsinə hazırlanan layihələr üzrə Liseyin şagirdlərinə İnstitutun alimləri tərəfindən elmi dəstəyin göstərilməsi məqsədi ilə keçirilən görüşdə sözügedən Liseyin müəllimləri - Siyasət İsayev və Şahmar Bayramov, həmçinin 11-ci sinif şagirdləri - Elmir Əlizadə, Kəmalə Quliyeva, Lamiyyə Babazadə və Toğrul Mehdiyev, eyni zamanda Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, İnstitutun elmi katibi Əminə Mikayılova, Təhsil şöbəsinin müdiri Nərmin Quliyeva, layihələrin hazırlanmasına dəstək olan İnstitut alimləri - fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Mədətov, Maqsud Nəzərov, eləcə də layihələrin hazırlanmasına rəhbərlik edən Namiq Heydərov iştirak edib.

Görüşdə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev İnstitutun tarixi, strukturu, əməkdaşlıq əlaqələri və əldə etdiyi nailiyyətlər haqqında qonaqlara məlumat verib.

Daha sonra qonaqlar “İnnovativ Tədqiqatlar” qrupunun fəaliyyəti və laboratoriya ilə tanış olublar. Birgə hazırlanan layihələrdə istifadə olunan elmi yanaşmalar, elektronika və sxemlər, proqram təminatı və konstruktiv yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb, eləcə də “İnnovativ Tədqiqatlar” qrupunda hazırlanan digər layihələr haqqında Namiq Heydərov tərəfindən qonaqlara geniş məlumat verilib. Hazırlanan hər bir layihə şagirdlər və elmi rəhbərlərlə birlikdə geniş müzakirə olunub, şagirdlərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihələr Fizika və Kimya istiqamətləri üzrə həm elmi, həm praktiki layihələrdir.

Sonda qonaqlar institutun digər laboratoriyaları və aparılan elmi tədqiqatlarla tanış olublar.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.