RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.12.2023]

Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib.

Belə ki, İnstitutda fəaliyyət göstərən "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova “Elektron Paramaqnit Rezonans” və “Termoluminessensiya” metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların yaşlarını təyin edib. Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminə, eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib.

Sözügedən tədqiqatlarda həmçinin, həmin abidədən götürülmüş keramika nümunəsinin bişmə temperaturu da müəyyən olunub.

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə “Cəlilabad arxeoloji ekspedisiyası” zamanı aşkarlanmış Xudutəpə abidəsi mühüm çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, qazıntılar zamanı həm neolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri, həm də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.

Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi, dosent Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.