RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.03.2014]

AMEA Radisiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Adil Qəribovun “Azərbaycan Prezidentinin regionda nüvə təhlükəsinə son qoymaq çağırışı” adlı məqaləsi Respublika qəzetində çap olunmuşdur

        Niderland Krallığının Haaqa şəhərində 58 dünya liderləri, 5 beynəlxalq təşkilatların iştirakı ilə III Nüvə Təhlükəsizliyi üzrə Sammit keçirilib. Nüvə Təhlükəsizliyi üzrə I dünya Sammiti 2010-cu ildə Yaponiyanın Fukusima Atom Elektrik stansiyasında zəlzələ və onu müşahidə edən sunami nəticəsində iki nüvə reaktorunda baş verən qəzadan sonra ABŞ prezidenti Barak Obamanın təklifi ilə Vaşinqtonda keçirilmişdi. İkinci Sammit isə 2012-ci ildə Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilmişdi. XXI əsrin ən qorxulu nüvə qəzası hesab olunan Fukusima hadisələrindən sonra keçirilən bu Sammitlərin əsas məqsədi dünyada nüvə energetik sistemlərinin, nüvə və radioaktiv materialların istifadə və saxlanılmasının təhlükəsizliyinin artırılması, nüvə terrorizminin qarşısının alınması üçün beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi, texnoloji sistemlərdə istifadə olunan nüvə və radioaktiv materialların aktivliklərinin azalması kimi problemlərin həlli təşkil edib.
        Azərbaycan Respublikası hələlik nüvə ölkəsi deyil. Lakin AR-nın prezidenti İ.Əliyev cənablarının elmə əsaslanan, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində əldə olunmuş beynəlxalq sistemdə nüfuzu və iqtisadi qüdrətini nəzərə alaraq son iki sammitə prezident İ.Əliyev cənabları dəvət olunub. Azərbaycan Respublikasının prezidenti İ.Əliyev cənabları həm ikinci, həm də üçüncü Sammitdə nüvə təhlükəsizliyi üzrə çıxış edib, regiona xas problemləri qaldırıb.
        Sammitlərin tarixini nəzərdən keçirsək başlanğıc əsas səbəbin zəlzələ nəticəsində AES-nın nüvə reaktorlarında baş verən qəzanın olmasını görərik. Bu problem seysmoaktiv regionlarda fəaliyyət göstərən bütün energetik nüvə reaktorları üçün də gözləniləndir. Məhz bu səbəbdən də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olduğu 2001-ci ildən başlayaraq bu problem dəfələrlə Azərbaycan dövləti tərəfindən rəsmi olaraq qaldırılmışdı. Belə ki, AEBA-nin keçmiş Baş direktoru Məhəmməd Əl-Baradei Azərbaycana 2002-ci ildə səfəri zamanı Azərbaycan Respublikasının prezidenti ulu öndərimiz H.Əliyev tərəfindən seysmik zonada işləyən Ermənistan AES-nın beynəlxalq ekspertizası və təhlükə faktorunu nəzərə alaraq dayandırılması məsələsi qaldırılmışdı. Əfsuslar ki, AEBA ekspertiza nəticəsində dünyada fəaliyyət göstərən digər VVER-tipli reaktorlar kimi Ermənistan AES-nın da ömrünün 10 il müddətə, yəni 2016-cı ilə kimi uzadılmasına dair razılıq verdi. Fukusima qəzasından sonra ömrünü başa vurmuş reaktorların dayandırılması nüvə təhlükəsizliyi üzrə sammitlərin əsas gündəmdə olan məsələlərindən biridir.
        Qəzadan sonra Avropa ölkələrinin əksəriyyəti köhnə reaktorların dayandırılması haqqında qərarlarını bəyan ediblər.
        Çernobıl qəzasından sonra nüvə ölkələrinin əksəriyyəti mövcud reaktorların ekspertizasını apararaq təhlükəsizlik üzrə layihə həyat keçirib və müvafiq qərarlar verilib. Məhz bu səbəbdən də Litva respublikasının Avropa Birliyinə qəbulunda onların əsas enerji mənbəyi olan, dünyanın ən güclü reaktoru olan hər biri 1500 MVt gücündə İqnalin AES-nın iki bloku dayandırıldı. Deməli, Avropa İttifaqı normal vəziyyətdə işləyən, bütün parametrləri ilə dünya standartlarına cavab verən nüvə reaktorlarının keçmiş Sovet texnologiyasına inamsızlıq üzündən dayandırıldılar. Son illərdə Bolqarıstan AES və digər Şərqi Avropa ölkələrində olan keçmiş Sovet nüvə və radiasion qurğularının dayandırılması və yaxud rekonstruksiyası üzrə işlər aparılır.
        Layihəsi keçən əsrin 60-cı illərində hazırlanmış 70-ci illərdə tikintisi həyata keçirilən Ermənistanın Metsamor AES-nın ikinci bloku haqqında isə heç bir qərar qəbul edilmir. Məhz odur ki, hər iki sammitdə Azərbaycan prezidenti İ.Əliyev cənabları ömrünü çoxdan başa vurmuş 8-9 ballıq zəlzələ zonasında işləyən Ermənistan AES-nın ikinci blokunun region üçün təhlükə kəsb etdiyini və dünya birliyini onun fəaliyyətinin dayandırılmasına dəstəklik göstərməsi məsələsini qaldırmışdır. Ermənistan prezidenti isə həmişəki kimi əsassız olaraq AES reaktorunun beynəlxalq standartlara müvafiq, seysmik faktorun nəzərə alındığı haqqında cavab verməyə çalışıb. Dünyada seysmik davamlılığı üzrə texnologiyalar Yaponiyada qurulub və əksər ölkələrdə buna müvafiq texnologiyalar istifadə olunur. Daha müasir reaktorlara, daha mükəmməl, zəlzələyə davamlılığı təmin olunmuş texnologiyalara malik, iqtisadi və texnoloji qüdrətli Yaponiyanın 2 reaktoru zəlzələ, sunami kimi təbii katoklizmlərin təsirinə davam gətirə bilmədi. Əgər Ermənistan AES-nın reaktorlarının davamlılığına dair belə inam var idisə, niyə Spitak zəlzələsindən sonra 9 illik reaktorun fəaliyətinin dayandırılması haqqında Sovetlər dövlətinin 15 saylı 06.01.1989-cu il tarixli qərarı verildi? Hər iki blok 1989-cu ilin fevral-mart aylarında dayandırıldı. 05.11.1995-ci ildə yalnız ikinci blok işə düşdü. Deməli, o dövrdə dünyanın ən qüdrətli nüvə ölkəsi olan Sovetlər Birliyində bu reaktorların seysmo davamlılığına inam yox idi. Məhz bu səbəbdən də altı il davam edən rekonstruksiyadan sonra ikinci blok işə salındı və birinci blok isə həmişəlik dayandırıldı. Ermənistanın Metsomor AES-nın işləyən 408 MVt güclü ikinci blokunda 2012-2013-cü illərdə AEBA tərəfindən aparılan ekspertiza nəticəsində çoxlu sayda iddialarla hesabat hazırlanıb, icra üçün Ermənistana təqdim olunub. Ermənistan dövlətinin hətta bu rekonstruksiya işlərini icra etmək üçün imkanları yoxdur və bu məqsədlə növbəti dəfə üzünü Rusiyaya tutub. Belə bir iqtisadi duruma malik olan bir dövlət təbii katoklizm nəticəsində qəza hallarını necə aradan qaldıracaqdır?
        Reaktorda hər hansı qəza halları baş verərsə, ilkin növbədə Ermənistan ərazisi və əhalisi təsirə məruz qalacaqdır. Real vəziyyəti və reaktorun durumunu nəzərə almadan siyasi ambissiyaları rəhbər tutan Ermənistan prezidenti həm də öz xalqını təhlükə altında saxlayır.
        Ermənistan dövləti hərbi, iqtisadi və siyasi məsələlərdə sərbəst olmadığına görə nüvə energetikası sahəsində də öz himayədarlarından asılıdırlar. Üç il bundan əvvəl böyük pafosla yeni 1060 MVt gücündə energetik reaktor tikmək haqqında qərar verdilər. Layihə-smeta işləri aparıldı və nəticədə müəyyən olundu ki, bu arzuları onlara 5 milyard dollara başa çatacaqdır. Bundan sonra müxtəlif dövlətlərə əl açdılar, son nəticədə yalnız Rusiya bu məbləğin 20-25 %-i məbləğində kredit verməyə razılıq verdi. Lakin illik büdcəsi 4-5 milyard dollar olan Ermənistan qalan məbləği tapmadığından bu arzusunu uzaq gələcəyə yönəltdi (2026-cı ilə).         Son iki ildə onlar üçün daha real görünən ikinci blokun istismar müddətini uzatmaq arzusuna düşdülər. AEBA-nın hesabatı əsasında hazırlanan rekonstruksiya işlərinin layihə-smeta sənədləri üzrə də Ermənistan üçün böyük məbləğdə kapital tələb olunduğu müəyyən edildi. Keçən ilin sonunda bu sahədə də himayəçilik üzrə Rusiyanın razılığı siyasi oyun nəticəsində əldə edildi.
        Ermənistan dövləti Azərbaycan Prezidentinin III Sammitdə əsaslı çıxışından sonra dünya birliyinin bu dəlillərə inamından qorxaraq 27 mart 2014-cü ildə artıq rəsmi şəkildə ikinci blokun istismar vaxtının uzadılması haqqında hökumət qərarını verdi. Lakin heç fikirləşmədi ki, bununla onsuz da iqtisadi çətinlikdə yaşayan Ermənistan üçün dəhşətli təhlükə mənbəyini daha da aktiv vəziyyətə gətirmiş oldu.
        Ermənistan AES-nın yarada biləcəyi problemlər təkcə Ermənistan üçün deyil, həm də regional xarakter daşıyaraq, qonşu Türkiyə, Gürcüstan və İran dövlətlərinin ərazisini də əhatə edəcəkdir. Əfsuslar ki, Sammitin iclaslarında həmən dövlət nümayəndələri tərəfindən bu məsələ qaldırılmadı.
        Ermənistan AES-də istənilən kateqoriyada qəza baş verərsə, qonşu dövlətlərin, o cümlədən də Azərbaycanın torpaq, su və havasının radioaktiv çirklənməsi baş verəcəkdir. Güman edirik ki, Dağlıq Qarabağ problemində müşahidə etdiyimiz dünya ölkələri tərəfindən ikili standartlar ömrünü başa vurmuş, köhnə texnoloji əsaslara malik, region üçün təhlükə mənbəyi olan Metsomor reaktorunun işinin dayandırılmasında tətbiq olunmayacaqdır və tezliklə BMT və onun nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə qurumları Azərbaycan dövlətinin və qonşu ölkələrin nüvə təhlükəsizliyinin təminatı üzrə haqq səsinə səs verəcəkdir.
        Azərbaycan prezidenti İ.Əliyev cənabları Sammitin gündəliyinin digər məsələlərinə dair Respublikamızda aparılan işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. Azərbaycan Respublikası nüvə enerjisinin yalnız dinc məqsədli istifadə üzrə ulu öndərimiz H.Əliyevin siyasi kursuna sadiq siyasət yeridir. Azərbaycan nüvə və radioaktiv maddələrin qeydiyyatı, istifadəsi, saxlanılması və dövriyyəsi üzrə beynəlxalq konvensiyalara qoşulub və onların icrası müvəffəqiyyətlə təşkil olunur.
        Respublikada nüvə və radioaktiv materialların qeydiyyatı, saxlanılması, istifadəsi AEBA-nın norma, qayda və standartlarına müvafiq şəkildə aparılır. Nüvə və radioloji fəaliyyətin tənzimlənməsinə dair FHN-nin nəzdində xüsusi agentlik yaranıb. Agentlik artıq beynəlxalq tələblərə müvafiq infrastruktur kimi formalaşıb və fəaliyyət göstərir.
        Sovetlər Birliyi zamanı fəaliyyət göstərmiş yod istehsal sistemi ilə əlaqədar radioekoloji problem Fövrəladə Hallar Nazirliyi tərəfindən ən müasir tələblərə uyğun olaraq həyata keçirilib. Bu məqsədlə icra olunmuş layihə AEBA-nın ekspertləri tərəfindən yüksək qiymətləndirilib.
        Nüvə terrorizmi və qaçaqmalçılığın qarşısını almaq məqsədi ilə sərhəd keçid məntəqələri müasir monitorinq avadanlıqları ilə təmin edilib. Burada çalışan sərhəd və gömrük qurumlarının əməkdaşları üçün mütəmadi tədris kursları keçirilir.
        Azərbaycan Respublikasının prezidenti İ.Əliyev cənabları erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqların nəzarətdən uzaq olması, bu ərazilərin ermənilər tərəfindən başqa məqsədlərlə istifadəsi və radioaktiv tullantıların saxlanılması kimi məsələləri də Sammit iştirakçılarının nəzərinə çatdırır.
        Ermənistan prezidenti bu problemə güya cavab olaraq nüvə və radioaktiv materialların dəqiq qeydiyyatının aparılması və onların Qarabağ ərazisində basdırılmasının qeyri-mümkünlüyü kimi şərhini vermişdi. Lakin S.Sarkisyan üçün bu çıxışı hazırlayanların yaddaşı görünür çox zəifdir və yaxud da fikirləşmək istəmirlər. Son illərdə Gürcüstanla sərhəddə tutulmuş nüvə materiallarının dərin ekspertizası onların hamısının Ermənistan nüvə qurğularına məxsus olmasını göstərib. Dağlıq Qarabağ ərazisində istifadə olunmuş radioaktiv materiallar, alət və paltarlar basdırılır.
        Keçmiş SSRİ hərbi sistemindən, sənaye qurğularında və digər məqsədlərlə istifadə olunmuş, itirilmiş radioaktiv mənbələr, polimetal, qızıl və digər dağ-mədən istehsalat sahələrindən atılan təbii radioaktiv mənbələr harada basdırılır? Bunların nə qeydiyyatı, nə də nəzarətçisi var. İndi harada basdırıldıqlarını siz çox yaxşı bilirsiniz. Necə özünüzə yalançı vətən uydurmuşsunuz, elə də radioaktiv və zərərli tullantıların başdırılması haqqında da növbəti yalan söyləyirsiniz.
        Ermənistan prezidenti çox fəxrlə qeyd edir ki, nüvə materiallarının qaçaqmalçılığının qarşısının alınması üzrə qurumlararası məşqlər keçirilir və nüvə materiallarının analizi üzrə laboratoriya yaradılıb.
        Azərbaycanda hələ 2004-2006-cı illərdə AMEA-nın Radiasiya Problemləri İnstitutunda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, ABŞ Energetika Nazirliyi, NATO dəstəyi ilə Respublika Dövləti tərəfindən nüvə və radioaktiv, ikili təyinatlı materialların analizi üzrə beynəlxalq standartlara uyğun laboratoriya yaradılıb və müvəffəqiyyətlə fəaliyyət göstərir.
        Nüvə terrorizmi və nüvə qaçaqmalçılığına qarşı mübarizədə məsul olan dövlət qurumlarının əməkdaşlarına birgə tədris kursları və məşqlər daimi olaraq keçirilir. Azərbaycan nüvə ölkələri, nüvə texnologiyası və silahlarına cəhd edən ölkələr arasında yerləşir. Bu coğrafi mövqeyə müvafiq olaraq ərazimizdən nüvə və radioaktiv materialların qanuni və qeyri-qanuni dövriyyəsi kimi məsələlər daimi diqqət mərkəzində saxlanılır. Yaradılmış mövcud nəzarət sistemi Respublikamızın ərazisindən istənilən qeyri-qanuni daşınmaların qarşısının alınmasına imkan verir.
        Azərbaycan prezidenti İ.Əliyev cənabları Haaqa Sammitində çıxışının sonunda BMT başda olmaqla Sammitdə edilən bütün mütərəqqi çağırışların həllini tapacağına və dünyamızda həyatın təhlükəsizliyinin təmin ediləcəyinə əminliyini ifadə edib.