RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2024]

AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş anım tədbiri keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 20 yanvar hadisəsinin Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatına qarşı törədilən faciə olmaqla yanaşı, tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb. Qeyd edib ki, sovet imperiyasının xüsusi xidmət orqanları əliyalın camaatı ağır texnika və müxtəlif tipli silahlarla susdurmağa çalışsa da xalqımızın iradəsini sarsıda bilmədi. O çətin günlərdə vətənpərvər oğul və qızlarımız rus ordusuna məxsus tankların qarşısında canlarını fəda edərək şəhidlik zirvəsinə yüksəldi. Bu hadisə milli kimliyimizin formalaşmasına həlledici təsir göstərərək dövlət müstəqilliyimizin bərpa edilməsində dönüş nöqtəsi oldu.

Otuz dörd il öncə xalqımızın azadlıq mücadiləsində rəhbərlik etdiyi institutun əməkdaşlarının da yaxından iştirak etdiyini vurğulayan İ.Mustafayev bildirib ki, elmi müəssisənin alim və mütəxəssisləri arasında Vətən müharibəsi iştirakçıları da var. Alim qeyd edib ki, məhz 20 yanvar qırğınından bir müddət sonra rus imperiyasının himayəsi ilə Qarabağ işğala məruz qaldı. Otuz ilə yaxın müddətdə ölkəmizdə müxtəlif siyasi proseslər baş verdi. Bununla belə həm dövlətimiz, həm də xalqımız işğal altında olan əzəli torpaqlarımıza qayıdacağına inamını itirmədi: “2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu zəfər haqlı savaşımızda ədalətin, xalqımızla dövlət başçısının, ordumuzun birliyinin qələbəsi olmaqla yanaşı, ötən il bir günlük savaşla Ağdərə, Əsgəran, Xocalı, Xocavənd və Xankəndinin azad olunmasına rəvac verdi”.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva daşnaqçı ermənilərə havadarlıq edən rus imperiyasının törətdiyi qətliam zamanı institut əməkdaşlarının bu mübarizədə yaxından iştirak etdiyini vurğulayıb. Erməni riyakarlığından söz açan alim qeyd edib ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Bəyanata hələ də əməl etməyən düşmən bu gün də öz məkrli həmlələrindən əl çəkmir. Bildirib ki, istər iqtisadi, istərsə də hərbi cəhətdən qat-qat aşağı səviyyədə qərarlaşan və həmişəki kimi özünü dünya ölkələrinə, beynəlxalq təşkilatlara məzlum xalq kimi göstərməyə çalışan erməni daşnaqlarının əsl simasını artıq bütün dünya gördü.

Tədbirdə, həmçinin institutun laboratoriya rəhbərləri f.ü.f.d, dosent Famil Hümbətov, k.e.d, dosent Xaqani Məmmədov, f.ü.f.d, dosent Oqtay Salamov, aparıcı elmi işçisi f.ü.f.d, dosent Nəbi Əliyev, institutun əməkdaşı Fəxrəddin Abasov çıxış ediblər. Hadisə ilə bağlı xatirələrini bölüşən natiqlər baş verən qanlı cinayətin əslində azərbaycanlıların öz tarixi torpaqlarından, İrəvandan daha bir kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıraraq SSRİ rəhbərliyinin daşnaqçı ermənilərin mənfur ideologiyasına aşıq-aşkar havadarlıq etməsinin sübutu olduğunu ifadə etdilər.

Bildirildi ki, dinc əhalinin tərkibində muzdlu əsgərlərin, erməni daşnaqlarının da olduğu xüsusi təyinatlı hərbi dəstələrlə üz-üzə qaldığı 20 Yanvar qırğınına ilk siyasi qiymət verən isə hadisənin mahiyyətini yaxşı bilən Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli lider faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək baş vermiş qırğının əsas günahkarı kimi o zamankı respublika və SSRİ rəhbərliyini, ilk növbədə Qorbaçovu ittiham etdi. 1994-cü il martın 29-da onun təşəbbüsü ilə qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar isə bu faciəyə dövlət səviyyəsində verilən tam siyasi-hüquqi qiymət idi.

Tədbirə yekun vuran elmi müəssisənin rəhbəri, professor İslam Mustafayev qeyd etdi ki, Şanlı Azərbaycan Ordusunun igidliyi sayəsində Xankəndidə və işğaldan azad edilmiş digər torpaqlarımızda hazırda Azərbaycan Bayrağı məğrur-məğrur dalğalanır, infrastruktur yenilənir, məktəblər, universitetlər bərpa olunur. İnstitutun alim və mütəxəssislərini ölkəmizin inkişafına yönələn dövlət proqramlarına elmi dəstək verməyə səsləyən baş direktor Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Vurğulayıb ki, Şəhidlər Xiyabanında dəfn olunan ilk azadlıq carçıları, müstəqilliyimizin bərpasının fədailəri daim xalqımızın qəlbində yaşayacaq!

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.