RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.02.2024]

İnstitutda 26 Fevral – Xocalı soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib və şəhidlərimizin əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından artıq 32 il ötdüyünü söyləyib, hər il ürək ağrısı ilə yad etdiyimiz bu faciə qurbanlarının qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandanın yürütdüyü düzgün siyasət nəticəsində şanlı ordumuzun Xocalı şəhidlərinin qisasını aldığını, əzəli və əbədi torpağımız olan Xocalının mənfur düşmən tapdağından azad edildiyini söyləyib. Bu gün Xocalı şəhidlərinin ruhu şad, torpaqları azaddır. Xankəndidə, Xocalıda Azərbaycan bayrağı dalğalanır.

Tədbirdə iştirak edən Xocalı qaçqını, o dəhşətli gecəyə şahidlik etmiş, hava limanının rəisi Milli Qəhrəman Əlif Hacıyevin müavini Nazim İsmayıl oğlu Hüseynov mənfur erməni vəhşiliyindən, Xocalı sakinlərinin Vətən sevgisindən, əliyalın öz torpaqlarını müdafiəyə qaxmalarından, daha sonra torpaq, yurd həsrətindən söz açıb. Göz yaşlarına hakim ola bilməyən Nazim Hüseynov Xocalıların hansı vəhşilik və amansızlıqla qətlə yetirilməsindən, evlərin talan edilib yandırılmasından, meyidlər üzərində edilən təhqiramiz erməni vəhşiliyindən danışıb.

İnstitutun İcraçı direktoru, dosent Rəvan Mehdiyeva Xocalı faciəsinə aparan yoldan, Xocalı soyqırımının yetişməsindən, niyə soyqırımın məhz Xocalıda törədilməsindən, qədim yurd yerimiz olan, eramızdan əvvəl III-V əsr tunc və dəmir dövrünün tarixini sinəsində daşıyan Xocalı şəhəri və Xocalı məzarlığının darmadağın edilməsindən danışıb, Xocalı qətliamını Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları ilə müqayisə edib. Görkəmli naşirimiz Ömər Faiq Nemanzadənin hələ 1905-ci ildə “İrşad” qəzetində nəşr etdirdiyi məqalədən söz açan R. Mehdiyeva onun bu gün də aktual olduğunu, məkrli erməni siyasəti və terrorunun davam etdiyini söyləyib. Respublikamızın 60 rayon, kənd və qəsəbəsinə səpələnmiş Xocalı sakinlərinin yaratdığı folklor nümunələrindən söz açıb, bu faciəni əsrlər boyu qoruyub saxlayacaq, əks etdirəcək xalq yaradıcılığından nümunələr göstərib.

Sonda Nazim Hüseynov institut əməkdaşlarının suallarını cavablandırıb.

“26 Fevral – Xocalı soyqırımı günü”nə həsr olunmuş tədbirin sonunda Gənc Alim və Mütəxəssislər Şurasının gəncləri Xocalı soyqırımında həlak olmuş şəhidlərin məzarını ziyarət ediblər.

 


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.