RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.06.2014]

Radiasiya fizikası sahəsində tanınmış alim AMEA Radiasiya Problemləri İnstitutunun söbə müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Əsgər Əli Abiyevin 28 iyun 2014-cü ildə 80 ili tamam oldu

Əsgər Əli Abiyev        Radiasiya fizikası sahəsində tanınmış alim AMEA Radiasiya Problemləri İnstitutunun söbə müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Əsgər Əli Abiyevin 28 iyun 2014-cü ildə 80 ili tamam oldu. Bu yubiley münasibətilə Əsgər Əli müəllimi ürəkdən təbrik edir, ona mokəm can sağlığı, uzun və mənalı ömur, elmi fəaliyyətində daha yeni uğurlar arzulayırıq.
       Əsgər Əli Abiyevin 28 iyun 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Ə.Abiyev 1957-1961-ci illərdə təhsilini M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsində davam etdirir. Təhsilini bitirdikdən sonra o Bakıya qayıdır və 1961-1963-cü illər ərzində Elmlər Akademiyasının Fizika İnstitutunda çalışır. 1963 cü ildə o, Moskvada İ.V. Kurçatov adına Atom Enerjisi İnstitutunda aspiranturaya daxil olur və 1966-cı ilədək orada nüvə tədqiqatı sahəsində islərini davam etdirir. 1966-cı ildə Ə. Abiyev yenidən Bakıya - EA-nın Fizika İnstitutuna qayıdır və 1969-cu ilədək orada çalışır.
        Prof. Ə. Abiyev 1969-cu ildən EA-nın rəyasət heyətinin nəzdində yeni təsis olunmuş Radiasiya Problemləri Bölməsində (indiki AMEA -nın Radiasiya Problemləri İnstitutu) kiçik elmi işçi, böyük elmi işçi, 1976-cı ildən 1993-cü ilədək isə həmin İnstitutunun “Yarımkeçiricilərin Radiasiya Fizikası Laboratoriyası”nın müdiri vəzifəsində işləyir.
        Ə. Abiyev 1993-2007-ci illərdə Türkiyənin müxtəlif elm ocaqlarında çalışır: 1993-2000-ci illərdə o, Ankara şəhərində Özel Yavuz Sultan Fen Lisesində və 2000-2007-ci illərdə isə Gaziantep şəhərinin Gaziantep Universitetinin riyaziyyat kafedrasında müəllimlik edir.
        2009-cu ildən bu günə kimi AMEA Radiasiya Problemləri İnstitutunun “Elektron sürətləndiricisi” elmi-təcrübi şöbəsinin rəisi vəzifəsini icra edir.
        Əsgər Əli Abiyev “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə 1970-ci ildə namizədlik və 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, muvafiq olaraq fizika-riyaziyyat elmləri namizədi və elmlər doktoru alimlik dərəcələrini, 1990-cı ildə isə göstərilən ixtisas üzrə professor adını alır.
        Əsas elmi nailiyyətləri aşağıdakılardır: İlk dəfə hazırlanmış xüsusi qurğu vasitəsiylə impulsla işləyən elektron sürətləndiricisində şüalanmış bəzi yarımkeçiricilərdə radiasiya qüsurlarının yaranması və onların yoxolma kinetikasını tədqiq etmiş və yarımkeçirici cihazların texnologiyasında ionlaşdırıcı şüaların tətbiqi üsullarını müəyyən etmişdir.
        1996-cı ildə Ə. Abiyev istənilən dərəcəli və istənilən ədədlərdən, eləcədə simvollardan ibarət Balanslı (sehrli) kvadratlar və kublar yazmaq üçün alqoritm kəşf edir və onların elm və texnikada tətbiq olunma imkankarını araşdırır. Bu alqoritm optimal problemlərdə, kriptologiyada, gen mühəndisliyində, informasiya texnologiyasında fizikada, kimyada və digər sahələrdə geniş perspektivlər aça bilər.
        Eyni zamanda Abiyev, alqoritmi vasitəsilə D. Mendeleyevin kimyəvi elementlərin dövrü sistemi cədvəlində, elementlərin düzülüşünün qanunauyğunluğunu kəşf edir, bu cədvəldə yerləşən sonuncu elementin sıra sayını da təyin edir.
        Ə. Abiyev 115-dən cox elmi məqalənin, 5 müəlliflik şəhadətnaməsinin və patentlərin, o cümlədən “The Natural Code of Numbered Magic Squares” (Ankara, 1996) adlı kitabın müəllifidir.
        Abiyev müxtəlif vaxtlarda Bakı (Azərbaycan), Ankara, Antalya, Gaziantep, Sakarya, Van (Turkiyə), Barcelona (Ispaniya), Visbaden (Almaniya), Kazan (Rusiya), Ballarat (Avstraliya), Praqa (Çexiya), Porto (Portuqaliya) və başqa şəhərlərdə keçirilən beynəlxalq simpozium və konfranslara qatılır və orada məruzəçi kimi çıxış edir.