RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.10.2016]

II Azərbaycan Elm Festivalı fəaliyyətə başlayıb

      Oktyabrın 31-də AMEA-nın təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalının açılış mərasimi keçirilib.
      Sözügedən festival UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.
      Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda, ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
       AMEA-nın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə II Azərbaycan Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır.
      AMEA rəhbəri elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələrinin də iştirak etdiyini söyləyib. Diqqətə çatdırıb ki, festival öz işini noyabrın 1-də Naxçıvanda, noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam etdirəcək.
      Tədbir digər çıxışlar və əyləncəli proqramla davam edib.
      Sonra AMEA rəhbərliyi, digər rəsmi şəxslər və fəxri qonaqlar AMEA-nın Alimlər Evində təşkil edilmiş sərgi ilə tanış olublar.
      Sözügedən sərgidə AMEA-nın Radiasiya Problemləri İnstitutu da iştirak edib. İnstitut üçün ayrılmış xüsusi guşədə sərgi iştirakçılarına qurumun elmi fəaliyyəti, əldə edilmiş nailiyyətlər haqqında ətraflı məlumat verilib, təbliğat materialları, elmi-populyar nəşrlər, ixtiralar və institutun əməkdaşları tərəfindən hazırlanmış bəzi cihaz nümunələri nümayiş olunub. Həmçinin, festival çərçivəsində təşkil olunmuş akademik məruzələrdə də institutun əməkdaşları yaxından iştirak ediblər. Belə ki, institutun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, prof. İslam Mustafayev “Radiasiya texnologiyaları və innovasiyalar” və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibova “Biotibbi tədqiqatlarda müasir fiziki-kimyəvi metodların tətbiqi” mövzularında elmi-populyar məruzələrlə çıxış ediblər.
      Qeyd edək ki, festival AMEA-nın Mərkəzi Elmi Kitabxana, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu kimi elmi müəssisə və təşkilatlarında, eləcə də Bakı Dövlət Universiteti, Ali Neft Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələr ilə davam edib.
      Gün ərzində bir sıra muzeylər, texnoparklar və digər məkanlara elmi ekskursiyalar təşkil olunub.
      Festival öz işini regionlarda davam etdirir.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.