RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.11.2016]

AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin təşkil etdiyi Beynəlxalq Simpoziumda iştirak edib

      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətov Litva Respublikasında “Ətraf mühitin monitorinqi üzrə regional simpozium”da (Workshop) iştirak edib. Simpozium 7-11 Noyabr tarixlərində Vilnüs şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) “Ətraf mühitdə radionuklidlərin ölçülməsi qabiliyyətlərinin möhkəmləndirilməsi və ətraf mühit monitorinqi üçün keyfiyyətə təminat və nəzarət sistemlərinin artırılması” layihəsi çərçivəsində təşkil olunub.
      F.Hümbətov tədbirdə “Bakı ətrafı neft yatağı sahəsindən götürülmüş torpaq nümunələrinin təhlükələri və radioaktivlik səviyyəsi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edək ki, simpoziumun məqsədi iştirakçı ölkələrin monitorinq laboratoriyalarının ətraf mühitin radioaktivliyinə nəzarət sahəsində təcrübə mübadiləsini təmin etməkdən ibarət olub. Eləcə də, sözügedən tədbirdə iştirak, ətraf mühitin monitorinqi zamanı istifadə olunan nümunə götürmə təcrübəsi, metod və cihazların uzlaşdırılmasına, radionuklidlərin ətraf mühitdə paylanması və ərzaq məhsullarına daşınmasının əsas yolları haqqında məlumat almağa imkan yaradıb. Həmçinin, AEBA-nın nümayəndələri ilə müzakirələr zamanı RPİ-nin “Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası” laboratoriyasının Agentliyin təşkil etdiyi beynəlxalq laboratoriyalararası test proqramına cəlb olunması haqqında da razılıq əldə edilib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.