RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2017]

20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

20 Yanvar      Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsi şəhidlərini anım tədbiri keçirilib. Tədbirdə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
      Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatmış və Vətənin yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etmişlər.
      O.Səmədov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın digər rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.
      Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva 20 Yanvar faciəsinin tariximizdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti olduğunu bildirib. Qeyd edib ki, bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Ağır texnikadan və odlu silahlardan istifadə edilməklə insanlığa qarşı törədilmiş terror aktı Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.
      Tədbirdə daha sonra çıxış edən digər natiqlər 20 Yanvar faciəsində şəhid olan igid Vətən övladlarının fədakarlığının hər zaman məhəbbətlə xatırlandığını, onların əziz xatirəsinin böyük ehtiramla yad edildiyini vurğulayıblar.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.