RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.01.2017]

Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb

      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutu ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 5 il müddətinə elmi-texniki əməkdaşlıq yaratmaq məqsədilə müqavilə imzalanıb.
      Yanvarın 26-da Azərbaycan Texniki Universitetində imzalanan müqaviləyə əsasən AzTU-nun professor-müəllim heyəti ilə Radiasiya Problemləri İnstitutu arasında tədris və elmi-texniki işlər sahəsində geniş təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində həmçinin, bakalavriat və magistratura səviyyəsində təhsildə fərqlənən tələbələrin Radiasiya Problemləri İnstitutunda aparılan elmi-tədqiqat işlərinə cəlb edilməsi və gələcəkdə tələbələrin orada işlə təmin olunması da mümkün olacaq.
      Radiasiya Problemləri İnstitutunun bir sıra elmi istiqamətləri üzrə peşəkar kadr yetişdirilən AzTU ilə birgə layihələrinin işlənməsi və nəticələrin istehsalatda tətbiqi, keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, elmi-texniki seminarların təşkili və digər bu kimi işlərin gələcəkdə həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.
      Mərasimdə AzTU-nun rektoru vəzifəsinini icra edən Xalıq Yahudov bağlanan müqavilənin əhəmiyyətindən danışaraq Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. X.Yahudov qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Strateji Yol Xəritələrində əqli mülkiyyətin geniş istifadəsi, xüsusilə istehsalata tətbiqini nəzərdə tutan mühüm müddəalar yer alıb. Bildirilib ki, bu müddəalardan irəli gələrək praktik imkanların genişləndirilməsi mümkünləşəcək ki, bu da əməkdaşlığın daha səmərəli olmasına zəmin yaradacaq.
      AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Səmədov da öz növbəsində imzalanan müqavilənin mümkün imkanlarından danışıb. Oktay Səmədov bildirib ki, rəhbərlik etdiyi İnstitutda bir sıra mühüm elmi istiqamətlər üzrə AzTU-nun məzunları çalışır. Mərasimdə o da qeyd olunub ki, müqavilə Radiasiya Problemləri İnstitutunda çalışan və Azərbaycan elminə töhfə verən AzTU məzunlarının sayını artıracaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.