RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.02.2017]

Radiasiya Problemləri Institutunda növbəti elmi seminar keçirilib

      Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “Metsamor” Atom Elektrik Stansiyasının qəzası (dağılması) zamanı Azərbaycan Respublikası ərazisində ehtimal olunan radiasiya şəraitinin qiymətləndirilməsi və nəticələrin aradan qaldırılmasında Silahlı Qüvvələrin kimya qoşunlarının fəaliyyətinin təşkili” mövzusunda elmi seminar keçirilib.
      Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Səmədov seminarda bəhs olunacaq mövzunun aktuallığından danışıb.
      Daha sonra çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının dosenti, polkovnik Qəhrəman Mənsiyev “Metsamor” AES-də baş verə biləcək qəza zamanı radioaktiv tullantıların yayılmasının proqnozlaşdırılması məqsədilə regionun relyefi (Kiçik Qafqazın Azərbaycana aid ərazilərdə mövcud dağlıq landşaftı) və hakim küləklər nəzəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində çirklənmə riskinin qiymətləndirilməsi, həmçinin relyefin zəiflətmə əmsalları, eyni zamanda ölkə ərazisində radioaktiv maddələrin insanların orqanizmlərinə miqrasiya yolları və radiasiya şəraitinin qiymətləndirilməsi metodikasının modeli haqqında məlumat verib.
      Q.Mənsiyev onu da qeyd edib ki, “Metsamor” AES-də baş verən qəza zamanı Azərbaycan Respublikası ərazisində radioaktiv tullantıların yayılmasının qiymətləndirilməsinin əsas modeli kimi, məhz 1986-cı ildə Çernoblda baş vermiş qəza nəticəsində əraziyə (düzənlik ərazi üçün) radiasiyanın yayılması (udulan doza, doza gücü) modeli götürülüb.
      Seminarda “Metsamor” AES-in istismarı zamanı reaktordan atmosferə atılan radioaktiv maddələr və Azərbaycan Respublikası ərazisində müəyyən edilmiş uzunmüddətli radionuklidlərin yayılması, ehtimal olunan şüalanma dozasının təyin edilməsinin “Doza” proqram təminatı, eyni zamanda pilotsuz uçuş aparatıları ilə çevik radiasiya monitorinqinin keçirilməsi metodikasının tətbiq alqoritmi haqqında da geniş məlumat verilib.
      Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.