RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.05.2017]

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı beynəlxalq təlimdə iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi İbrahim Qabulov beynəlxalq təlimdə iştirak edib.

Avropa İttifaqının Birgə Elmi-Tədqiqat Mərkəzi və ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası tərəfindən nüvə materiallarının hərtərəfli analizinə həsr olunmuş və GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) ölkələri üçün təşkil olunmuş təlimdə, müxtəlif ölkələri təmsil edən ümumilikdə 17 nümayəndə iştirak edib

Almaniyanın Karlsruhe şəhərində, Avropa İttifaqının Birgə Elmi Tədqiqat Mərkəzində keçirilmiş təlim-tapşırığı ABŞ və Avropa Birliyinin 8 eksperti tərəfindən aparılıb. Təlim-tapşırığın əsas məqsədi tənzimləyici nəzarətdən kənar olan və ölkə ərazisində tapılmış hər-hansı bir nüvə və digər radioaktiv materialların hərtərəfli analizi və hadisənin aradan qaldırılmasına dair müvafiq qurumların əməkdaşlığının gücləndirilməsi olub.

Tədbir zamanı AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası və Avropa İttifaqının Birgə Elmi Tədqiqat Mərkəzinin gələcək əməkdaşlığının istiqamətləri müzakirə edilib. Eləcə də, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası və Avropa İttifaqının Birgə Elmi Tədqiqat Mərkəzi ilə RPİ arasında gələcək əməkdaşlıq əlaqələri nəticəsində, həmçinin GUAM ölkələri üçün nəzərdə tutulan layihə çərçivəsində “Nüvə Materiallarının Elektron Kitabxanası”nın yaradılması təklifi irəli sürülüb və dəstəklənib.

Təlim-tapşırığın yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.