RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.05.2017]

“28 May – Respublika Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov 28 May – Respublika günü və bu günün tarixi əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O.Səmədov bildirib ki, bu günün xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir.

Daha sonra çıxış edən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov bildirib ki, 1918-ci il mayın 28-də qəbul olunmuş “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə süqut etsə də xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi idi.

K.İsmayılov onu da vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanmışdır. K.İsmayılov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyevin yaratdığını bildirib və bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın hər gün daha da inkişaf edəcəyini qeyd edib.




© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.