RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.05.2017]

AMEA-nın Müxbir üzvü İslam Mustafayev ABŞ-a səfər edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Azərbaycan nümayəndə heyətinin tərkibində Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Sözügedən səfərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor G. Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibinə bu Universitetdən başqa həm də Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetin əməkdaşları daxil edilmişdir.

ABŞ Dövlət Departamentinin “Beynəlxalq Müsafir Liderlik Programı” çərçivəsində həyata keçirilən səfərdə nümayəndə heyətinin üzvləri ABŞ-ın 4 Ştatının 7 universitetində elmi-tədqiqatların təşkili, onların nəticələrinin sənayedə və təhsildə tətbiqi, Texnoparkların istifadəsi sahəsində aparılan işlərlə tanış olmuşdur.

“Tədqiqat və İnkişaf” layihəsi üzrə tanışlıq Nyu-York Texnologiya İnstitutundan başlamışdır. Dünyanın 100-dən çox ölkəsindən olan 10 min tələbənin ekologiya mühəndisliyi, səhiyyə, memarlıq, kompüter mühəndisliyi və digər sahələrdə təhsil aldığı bu Universitetdə təhsil və elmin inteqrasiyası sahəsində əldə olunmuş nailiyyətlər, aparılan elmi araşdırmalar, inkubator sisteminin təşəkkülü üzrə fəaliyyətlər haqqında nümayəndə heyətinin üzvlərinə məlumat verilmişdir.

İştirakçılar daha sonra Nyu-Cersi Texnologiya İnstitutunda şəhərsalmanın ətraf mühitə təsiri, səhiyyə, mühəndislik, memarlıq, nəqliyyat və s. sahələrdə aparılan tədqiqatlar, təhsil və innovativ inkubator sistemi ilə də tanış olmuşlar. Həmçinin, Miçiqan ştatının Western Michigan Universitetinin bir neçə Departamentində keçirilmiş görüşlərdə Neftin ətraf mühitdə deqradasiyası, külək turbinlərinin layihələndirilməsi və s. sahələrdə aparılan tədqiqatlar, təhsil sistemi və innovativ elmi nəticələr haqqında da geniş müzakirələr aparılmışdır.

Azərbaycan nümayəndə heyəti daha sonra Texas A&M Universitetinin Neft Mühəndisliyi Departamentində yanar şistlərin tədqiqi, istehsalı və emalı sahəsində aparılan tədqiqatlarla tanış olmuşdur.

ABŞ-ın Hyuston Universiteti ilə tanışlıq zamanı professor Mohamed Solimanın rəhbərlik etdiyi Neft mühəndisliyi Departamentində şistlərin çıxarılması sahəsində yeni texnologiyalar və İnnovasiya mərkəzinin işi iştirakçılarda böyük maraq doğurmuş, həmçinin burada elm, təhsil və sənayenin inteqrasiyasının qabaqcıl nümunəsi nümayiş etdirilmişdir.

Azərbaycanlı alimlər ABŞ-dan olan həmkarları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və gələcəkdə birgə layihələrin işlənilməsi üçün müzakirələr aparmışlar.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.