RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.06.2017]

Radiasiya Problemləri Institutunun Həmkarlar Komitəsinin 2015-2016-cı illər üzrə hesabat-seçki konfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Həmkarlar Komitəsinin 2015-2016-cı illər üzrə hesabat-seçki iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov gündəlikdəki məsələlər haqqında qısa məlumat verib.

Daha sonra çıxış edən İnstitutun Həmkarlar Komitəsinin sədri, kimya elmləri namizədi Hökmən Mahmudov hesabat müddətində əməkdaşlardan xəstəliyə görə verilən birdəfəlik yardımlar, istirahət və mədəni-kütləvi tədbirlər, həmçinin bayram tədbirləri üzrə görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib.

H.Mahmudov daha sonra istirahət mərkəzləri və müalicə ilə bağlı müraciətlər, eləcə də əməkdaşların güzəştli şərtlərlə mənzil təminatı məsələsinə toxunub. Bildirib ki, İnstitut əməkdaşlarının yay istirahətlərinin səmərəli təşkili, müalicəyə ehtiyacı olan əməkdaşlara və aztəminatlı ailələrə maddi-mənəvi köməklik edilməsi məqsədi ilə Akademiyanın Azad Həmkarlar İttifaqı Komitəsinə müraciət olunması nəzərdə tutulub.

Hesabat dinlənildikdən sonra qənaətbəxş hesab olunub və yekun hesabat qəbul edilib. İclasda Həmkarlar Komitəsinin yeni İdarə Heyətinin tərkibi də formalaşdırılıb. Həmçinin, Hökmən Mahmudov daxili səsvermə əsasında növbəti müddətə Həmkarlar Komitəsinin sədri seçilib.

Sonda İnstitut əməkdaşlarının əməkhaqqılarının aşağı olması ilə əlaqədar Akademiya rəhbərliyinə müraciət olunması, gənc alimlərin mənzil təminatının yaxşılaşdırılması məsələsinə baxılması, Akademiyanın Azad Həmkarlar İttifaqı Komitəsinə müalicə və istirahət məqsədli göndərişlərin sayının artırılması və “Elm” Uşaq Sağlamlıq Düşərgəsinin yay mövsümündə fəaliyyət göstərməsinə lazımi köməkliyin göstərilməsi üçün müraciət olunması haqqında qərar qəbul edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.