RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.07.2017]

Radiasiya Problemləri İnstitutunun alimi Avropa Komissiyasinin Beynəlxalq toplantısında iştirak edib

AMEA RPİAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) alimi Avropa Komissiyasının Birləşmiş Tədqiqatlar Mərkəzinin Almaniyanın Karlsruhe şəhərində keçirilmiş Beynəlxalq Texniki ekspertlərin illik toplantısında iştirak etmişdir.

26 iyun - 2 iyul tarixlərində “Nüvə və Radiasiya Təhlükəsizliyi, Nüvə kriminalistikası” üzrə keçirilmiş və Avropanın 40 ölkəsindən 100 texniki ekspertin iştirak etdiyi toplantıda Azərbaycan Respublikasını RPİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva təmsil etmişdir.

Sözügedən toplantının ilk günü Amerika, Kanada, Yaponiya, Cənubi Koreya, Rusiya, və İsveçrədən olan texniki ekspertlərin nüvə və radioaktiv materialların identifikasiyası ilə əlaqədar plenar çıxışları dinlənilmişdir. 27-30 iyun tarixlərində isə müxtəlif radioaktiv və nüvə materiallarının spektrometr, kütlə spektroskopiyası, İSPM vasitəsi ilə identifakasiya üsulları üzrə treninq, tapşırıq - məşğələlər keçirilmişdir.

Toplantının növbəti günündə iştirakçılar bu sahədə olan yeniliklər və müxtəlif ölkələrdə baş vermiş insidentlərlə tanış olmuş, həmçinin nüvə silahının yayılmaması, nüvə və radioaktiv materialların yayılmaması, nüvə terrorizmi ilə mübarizə və nüvə təhlükəsizliyi rejiminin gücləndirilməsi üzrə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dəstəyi ilə müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilmişdir.

Toplantının sonuncu günü dinlənilən məruzələr ətrafında müzakirələr aparılmış və toplantının işinə yekun vurulmuşdur.

Qeyd edək ki, 2016-cı ilin 18 mart tarixində “Nüvə materiallarının fiziki mühafizəsi üzrə” 2005-ci il Konvensiyasına Düzəlişlər ölkəmiz tərəfindən ratifikasiya olunduğundan, ölkəmiz nüvə terrorizminə qarşı mübarizədə beynəlxalq ictimaiyyətə dəstək olmalıdır. Eyni zamanda, ölkəmiz Metsomor AES ilə əlaqəli nüvə təhlükəsi ilə üz-üzə qaldığından və tranzit ölkə kimi radioaktiv materialların qeyri-qanuni dövriyyəsi ehtimalı olduğundan bu sahədə texniki ekspertlərin olması və müasir biliklərə yiyələnməsi baxımından bu görüş çox səmərəli olmuşdur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.