RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.11.2017]

Radiasiya Problemləri Institutunda “Zülalların quruluş problemləri” mövzusunda seminar keçirilib

seminar 22.11.2017 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu və Biofizika İnstitutunun birgə təşkilatçılığı ilə “Zülalların quruluş problemləri” mövzusunda seminar keçirilmişdir.

Seminarda məruzə ilə çıxış edən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Virciniya Universitetinin professoru Faik Musayev tədqiq etdiyi müxtəlif zülal komponentlərinin rekombinant yolla alınması prosesi, onların kristallarının alınması və quruluşu haqqında iştirakçılara məlumat vermişdir. Məruzəçi müxtəlif hədəf zülallarını əldə etmək üçün həmin zülalları kodlaşdıran genləri PZR amplifikasiya yolu ilə sintez etdiyini və standart klonlaşdırma metodlarından istifadə edərək həmin genləri plazmid vektor sisteminə subklonlaşdırdığını seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin, hədəf genlər keçirilmiş bu plazmiod vektorlari müvafiq E. coli ştammlarına keçirərək prokariot ekspressiya sistemi yolu ilə hədəf zülalların rekombinant formalarını aldığını qeyd edən F.Musayev alınan rekombinant zülalın təmizlənməsi üçün, xromotoqrafiyanın müasir metodlarından, o cümlədən, ion mübadiləsi xromotoqrafiyasından, müxtəlif affin xromotoqrafiyalarından istifadə edildiyini və ayrılmış zülalların quruluşlarının öyrənildiyini bildirmişdir.

AMEA Kataliz və Qeyri-üzvi Kimya, Fiziolofiya və Fizika institutlarının əməkdaşlarının da iştirak etdiyi seminarın sonunda məruzə ətrafında geniş müzakirələr aparılmışdır. Çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov, biologiya üzrə elmlər doktoru Kərim Qasımov, fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanov, biologiya üzrə elmlər doktoru Arif Mehdiyev, kimya elmləri namizədi Fidail Cəlaləddinov, kimya elmləri namizədi Asim Abdullayev və başqaları məruzənin olduqca maraqlı və aktual olduğunu, o cümlədən, yeni və daha effektiv dərman preparatlarının işlənib-hazırlanması istiqamətində əhəmiyyətini vurğulamışlar.

Sonda gələcək əməkdaşlığın perspektivləri istiqamətində müzakirələr aparılmışdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.