RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.12.2017]

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə birgə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin ruhunu bir dəqiqəlik sükutla yad etmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov ümummilli liderin həyat və fəaliyyəti, həmçinin Azərbaycan xalqı və dövlətinin tarixində müstəsna rolundan danışmışdır. Bildirmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir.

O.Səmədov qeyd etmişdir ki, 12 Dekabr 2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu olmuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi olaraq Heydər Əliyev ucalığının bir təcəssümü, Azərbaycanı regionda lider dövlətə çevirmiş və dünya arenasında mühüm söz sahibi etmiş uzaqgörən ölkə başçısı, millətinin həqiqi lideridir.

Sonra çıxış edən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirmişdir ki, ulu öndər Heydər Əliyev siyasi yolu, dünya tarixindəki yeri və Azərbaycançılıq idologiyası haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Bildirmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Daha sonra çıxış edən Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva qeyd etmişdir ki, dahi Heydər Əliyev hələ sovetlər birliyində yaşadığımız illərdə respublikanın rəhbəri kimi milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin yaratmışdır.

Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Əbədiyaşar liderin ömrünün hər günü Azərbaycan xalqına, millətinə, dövlətinə xidmət etmənin müqayisə edilməz örnəyi olmuşdur.

Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan ulu öndər Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir.

Doğma Azərbaycanımız əbədiyyətə qədər ulu öndərin yolu ilə irəliləyəcəkdir.

Daha sonra çıxış edən ŞAR-ın Təşkilati şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov, RPİ-nin “Radiokimya” laboratoriyasının müdiri, kimya elmləri doktoru Xaqani Məmmədov və digər natiqlər ümummilli lider Heydər Əliyev fenomeninin Azərbaycan tarixindəki əvəzolunmaz xidmətlərindən, xalq və dövlət sevgisindən danışmış, bu dahi şəxsiyyətin xalqımızın yaddaşında daima yaşayacağını bildirmişlər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.