RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.01.2018]

AMEA Radiasiya Problemləri İnstitutunda 20 Yanvar hadisəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsi şəhidlərini anım tədbiri keçirilib. Tədbirdə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış tarixi idi. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün mühüm mərhələsinə çatmış və Vətənin qəhrəman övladları bu yolda, müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə milli istiqlaliyyət və azadlıq bəxş etmişlər.

O.Səmədov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın digər rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.

Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva 20 Yanvar faciəsinin uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz milli suverenliyi uğrunda cəsarət və qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən bu amansız cinayət Sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxarmış oldu.

R.Mehdiyeva onu da bildirib ki, Azərbaycan xalqı həmin günlərdə böyük bir həqiqəti – meydanda həqiqi bir liderin olmadığını da dərk etdi. Amma respublikada olmamasına baxmayaraq, xalqın səsinə hər kəsdən əvvəl səs verən məhz, ümummilli liderimiz Heydər Əliyev oldu. Qüdrətli lider Moskvada, bütün təzyiqlərə rəğmən, hadisələrdən dərhal sonra, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib sözügedən təcavüzə kəskin etirazını bildirmiş, faciəni törədənləri kəskin ittiham etmiş və qoşunların Bakıdan çıxarılmasını tələb etmişdir. Ulu öndərin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

R.Mehdiyeva çıxışının sonunda ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirdiyini, 20 Yanvar hadisələrinin lazımınca qiymətləndirilməsi yolunda mühüm addımların atıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olunmuşdur.

Sonda milli azadlıq mübarizəsinin qəhrəmanları, yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində örnək olan şəhidlərimizə Allahdan rəhmət dilənmiş, igid Vətən övladlarının fədakarlığının və əziz xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyi vurğulanmışdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.