RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.05.2018]

28 May – Respublika Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il” adlı tədbir keçirilib

28 May

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 28 May – Respublika Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il” adlı tədbir keçirilmişdir.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən danışmış, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları barədə tədbir iştirakçılarına məlumat vermişdir.

Daha sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva 28 May – Respublika Gününün Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu, məhz həmin gündə Şərqdə ilk demokratik cümhuriyyətin – Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı bir gündən özünün 23 aylıq fəaliyyəti dövründə mühüm qərarlar qəbul etmiş, genişmiqyaslı islahatlar aparmışdır.

Cümhuriyyət dövründə Parlamentin yaradılması və fəaliyyəti, eləcə də Türk dilinin dövlət dili elan olunması, Milli ordu quruculuğu və xarici siyasətdəki uğurlar haqqında danışan R.Mehdiyeva vurğulayıb ki, həmin dövrdəki atılan addımlar Azərbaycan xalqının milli özünüdərkinə mühüm tövhələr vermişdir. Cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərsə də məhz, 70 illik sovet əsarətindən sonra 1991-ci ildə yenidən Azərbaycan müstəqillik qazandı və özünün dövlətçilik tarixinə yeni bir şanlı səhifə əlavə etmiş oldu.

Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, dövrün uzaqgörən siyasi xadimləri, AXC-nin qurucuları haqqında video çarx nümayiş olunmuşdur.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.