RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.06.2018]

İnstitutda “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov sözügedən müsabiqənin qalibləri olan Z.Əliyeva adına liseyin 10-cu sinif şagirdləri Adnan Bünyatov və Əliağa Abdullayevi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonra çıxış edən İnstitutun direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva A.Bünyatov və Ə.Abdullayevin uğurlarından söz açmış və bu uğurların Respublika məktəbliləri üçün örnək təşkil etdiyini bildirmişdir.

R.Mehdiyeva qeyd etmişdir ki, A.Bünyatov və Ə.Abdullayev bu ilin fevral ayında Bakıda keçirilən “Sabahın alimləri” VII Respublika Müsabiqəsində fizika-astronomiya bölməsi üzrə “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusundakı elmi layihə ilə birinci yerə layiq görülmüşdür. RPİ-nin “Radioekologiya” laboratoriyasının aparıcı elmi işçiləri olan professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın elmi rəhbərliyi ilə 1 il müddətində AMEA-nın Radiasiya Problemləri İnstitutu, Bakı Dövlət Universiteti və AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda aparılan tədqiqatlarda şagirdlər mühüm bilik və bacarıqlara yiyələnmişlər. Həmçinin, tədqiqat proseslərində Elektron Paramaqnit Rezonansı, Skanedici Elektron Mikroskopu, Viskozimetriya üsulları (statik və dinamik), İnfraqırmızı Spektroskopiya kimi üsulları mənimsəyən A.Bünyatov və Ə.Abdullayev uğurlu çıxışları və dolğun təqdimatları sayəsində Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilmiş Intel – Beynəlxalq Elm və Mühəndislik Sərgisində (Intel ISEF) Azərbaycan məktəblilərini təmsil etməyə layiq görülmüşlər.

Həmçinin, A.Bünyatov və Ə.Abdullayev bu ilin aprel ayında Belarusiyanın Minsk şəhərində keçirilmiş “MDB üçün 100 ideya” adlı gənc alimlərin müsabiqəsinə dəvət almış, orada uğurla iştirak etmiş və xüsusi sertifikatlarla təltif olunmuşlar.

13-19 may tarixlərində Intel – Beynəlxalq Elm və Mühəndislik Sərgisində (Intel ISEF) daha bir uğur qazanan məktəblilərimizin “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusundakı elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun Ukrayna Milli Mərkəzi – Kiçik Elmi Akademiyası tərəfindən pul mükafatı ilə təltif olunmuşdur.

Sonda çıxış edən A.Bünyatov və Ə.Abdullayev qonaqpərvərliyə və təbriklərə görə təşəkkür etmiş, bundan sonra da bu cür elmi fəaliyyətlərini davam etdirəcəklərini bildirmişlər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.