RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.07.2018]

AMEA RPİ-nin Həmkarlar Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 50 nəfərə yaxın əməkdaş və ailə üzvləri Şamaxı rayonunda səfərdə olublar

       Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Həmkarlar Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə 50 nəfərə yaxın əməkdaş və ailə üzvləri 13-14 iyul 2018-ci tarixində Şamaxı rayonunda 2 günlük səfərdə olmuşdur. Səfərdə eyni zamanda institutun elmi işlər üzrə direktor müavini fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və RPİ-nin Həmkarlar təşkilatının sədri Əminə Mikayılova da iştirak etmişdir. Səfər çərçivəsində əməkdaşlar AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ərazisi ilə tanış olmuş, elmi-tədqiqat laboratoriyalarında aparılan işlər haqqında məlumatlar almış, astrofizika muzeyini ziyarət edərək müxtəlif eksponat və hadisələr haqqında informasiya əldə etmişlər. Bundan başqa RPİ-nin əməkdaşları Rəsədxana ərazisindəki teleskoplardan göy cisimlərini gecə vaxtı əyani şəkildə müşahidə etmiş, astrofiziklər tərəfindən onlara bu haqda ətraflı məlumatlar verilmişdir. Rəsədxana ərazisində tikilmiş və müasir standartlara cavab verən istirahət koteclərində gecələmələri üçün şərait yaradılmışdır. Növbəti gün qonaqlar Dəmirçi kəndində yerləşən tarixi mədəniyyət obyektləri və 1300 ildən artıq yaşı olan məscidi ziyarət etmişlər. İnstitut əməkdaşları yaradılan şəraitə görə AMEA Azad Həmkarlar İttifaqının rəhbərliyinə öz təşəkkürlərini bildirirlər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.