RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.10.2018]

Akademik Mahmud Kərimovun xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyi münasibəti ilə AMEA-nın Fizika – Riyaziyyat və Texnika Elmləri Bölməsinin və Radiasiya Problemləri İnstitutunun kollektivi, müxtəlif elmi-tədqiqat institutlarının nümayəndələri, həmçinin akademiyanın həqiqi və müxbir üzvləri Fəxri xiyabanda Mahmud Kərimovun məzarını ziyarət etmiş, görkəmli alimin qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.

Akademik Mahmud Kərimov 1973-cü ildən akademiyanın Fizika İnstitutunda mühəndis kimi fəaliyyətə başlamışdır. 1974-1984-cü illərdə Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlmiş və 1984-cü ildə həmin sektorun direktoru olmuşdur.

Qeyd edək ki, 2001-ci ildə AMEA-nın prezidenti seçilmiş Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışmışdır.

Görkəmli alimin araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilmiş və 200-ə yaxın elmi əsərdə öz əksini tapmışdır. Mərhum alim elmi nailiyyətlərinə görə bir çox patent və müəlliflik şəhadətnamələri almışdır.

AMEA-nın prezidenti seçildiyi gündən akademik Mahmud Kərimov ölkəmizdə elmin təşkili və idarə olunması prosesinə başçılıq edərək müstəqillik illərində ölkənin əsas intellektual potensialının cəmləşdiyi bu mötəbər qurumun respublikanın sosial-iqtisadi inkişafında rolunun araşdırılmasında, mədəni-intellektual imkanlarımızın genişləndiril məsində xüsusi rol oynamışdır.

Mərhum akademikin zəngin elmi və elmi-təşkilatı fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüşdür.

Görkəmli alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi daim onu tanıyanların qəlbində yaşayacaqdır.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.